Çinli alimlər texnoloji inqilaba imza atdı: “Görünməyəni görmək mümkün olacaq”
Çinli tədqiqatçılar görünməyən infraqırmızı işığı görə bilən yeni nəsil kontakt linzalar yaradaraq, insanın görmə qabiliyyətinin sərhədlərini genişləndiriblər.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Çin Elm və Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanan bu kontakt linzalar enerji mənbəyinə ehtiyac duymur və həm görünən, həm də infraqırmızı işığı eyni anda vizual şəkildə qəbul etməyə imkan verir. Linzalar “yuxarı çevrilmə nanohissəcikləri” texnologiyası ilə hazırlanıb. Bu hissəciklər infraqırmızı işığı udaraq onu insan gözünün görə biləcəyi rənglərə, qırmızı, yaşıl və mavi işığa çevirirlər.
Layihənin rəhbəri professor Tian Xue: “Bu texnologiya yalnız insanlara fövqəlgörmə imkanı vermir, eyni zamanda rəng korluğu yaşayan şəxslərə də yeni görmə imkanları aça bilər”,- deyə o bildirib.
Qeyd edək ki, linzalar həmçinin gizli mesajların ötürülməsi, təhlükəsizlik sistemləri və rəng korluğu üçün də istifadə oluna bilər.
Gülbəniz Səfərova






