Çinli iş adamını diri-diri basdırıb Pekinə qaçdılar - Türkiyədə tükürpərdici cinayət
İstanbulda itkin düşən 38 yaşlı çinli iş adamı Yong Wangın qəddar plan əsasında qətlə yetirildiyi ortaya çıxıb.
Patrul.az Türkiyə mediasına əsasən xəbər verir ki, cari ilin yanvar ayında Bakırköy ərazisində yaşayan iş adamı Yong Wangdan xəbər alınmaması üzərinə vəkili polisə müraciət edib. Aparılan ilkin araşdırmalar zamanı iş adamına məxsus avtomobilin GPS siqnallarının Arnavutköy rayonunun Baklalı məhəlləsindəki əkin sahələrinin birində kəsildiyi aşkarlanıb.
Polis əməkdaşları qeyd olunan ərazidə apardıqları axtarışlar zamanı iş adamının torpağa basdırılmış və yapışqan lentlə bağlanmış cəsədini aşkar ediblər.
Məhkəmə Tibbi Ekspertizasının rəyinə əsasən, Yong Wang başına aldığı ağır zərbədən sonra hələ sağ ikən basdırılıb və nəticədə boğularaq həyatını itirib.
İstintaq materiallarına əlavə edilən təhlükəsizlik kamerası görüntüləri cinayətin əvvəlcədən detallı şəkildə planlaşdırıldığını sübut edir.
Belə ki, bir çinli qadının iş adamını addım-addım izlədiyi və yerini digər qrup üzvlərinə sızdırdığı müəyyən edilib. İş adamı qaçırılarkən həmin qadının ərazidə olduğu, lakin şübhə çəkməmək üçün heç nə olmamış kimi davrandığı görüntülərdə əks olunub.
Digər görüntülərdə qatillərin cinayətdən sonra oteldə olduqca soyuqqanlı şəkildə vaxt keçirdikləri görünür.
Yongun vəkilinin bildirdiyinə görə, qətldən dərhal sonra Vangın kriptovalyuta hesablarından külli miqdarda vəsait çıxarılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Choao Wen, Zhavangyuan Wang, Zhenin Qin və Chaodun Wangın hadisədən qısa müddət sonra, 21 yanvar 2026-cı il tarixində İstanbul Hava Limanı vasitəsilə Pekinə uçduqları təsdiqlənib.
Hadisə ilə əlaqədar biri qadın olmaqla, ümumilikdə 10 nəfər haqqında “Qırmızı bülleten” çıxarılıb.
Hazırda şübhəlilərin Çin Xalq Respublikasında saxlanıldığı ehtimal edilir. Türkiyə və Çin hüquq-mühafizə orqanları arasında şübhəlilərin ekstradisiyası və ya mühakimə olunması ilə bağlı hüquqi prosedurlar davam etdirilir.

Gülbəniz Səfərova






