Dəfn pulu kimlərə verilə bilər?
Dəfn pulu sosial sığorta sistemi çərçivəsində vəfat edən şəxsin dəfn xərclərini qarşılamaq üçün dövlət tərəfindən ayrılan birdəfəlik ödənişdir. Əsas məqsəd ailənin çətin günündə maddi yükü bir qədər yüngülləşdirməkdir. Bu yardım yalnız dəfn prosesini həyata keçirən şəxsə ödənilir və məbləğ ölkənin sosial sığorta qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
Bəs kimlər bu ödənişi ala bilər?
Patrul.az-ın araşdırmasına görə, ilk növbədə, rəsmi iş yeri olan, yəni sosial sığorta haqları ödənilən şəxslər vəfat etdikdə, onların ailə üzvü və ya dəfni təşkil edən şəxs ödəniş alma hüququna malik olur. Buraya həm dövlət sektorunda çalışanlar, həm özəl sektorda işləyənlər, həm də fərdi sahibkarlar daxildir – əsas şərt sığortaolunan şəxs statusunun olmasıdır.
İkincisi, pensiya alan şəxslər üçün də eyni qayda keçərlidir. Yəni vəfat edən şəxs yaşa, əlilliyə və ya digər əsaslara görə pensiya alırdısa, onun dəfnini həyata keçirən şəxs dəfn pulu üçün müraciət edə bilər.
Üçüncüsü, sosial müavinət alan bəzi kateqoriyalara da bu hüquq tanınır. Bu da dövlətin sosial həssas qruplara qayğısının davamı kimi qiymətləndirilir.
Dəfn pulunu almaq üçün müraciət prosesi sadədir: dəfni həyata keçirən şəxs vəfat haqqında şəhadətnamə və digər tələb olunan sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondundakı (DSMF) filiallardan birinə müraciət edir. Ödəniş qısa müddətdə həmin şəxsə bank vasitəsilə çatdırılır.
Bir sözlə, dəfn pulu həm hüquqi, həm də insani tərəfi olan bir təminatdır. Dövlət vəfat edən insanın arxasınca həyata keçirilən ən əsas mərasimin yükünü qismən də olsa bölüşür.
Ləman Sərraf






