media-inshot_20250722_101306920

20-21 iyul tarixlərində 3-cü Şuşa Qlobal Media Forumu keçirildi. 

Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edib. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də olub.

Milli Məclisin deputatı Azər Badamov Patrulaz.az-a III Şuşa Qlobal Media Forumunun əhəmiyyəti barədə şərh edib:

“Artıq ənənə halını alan və sayca üçüncü olan bu dəfəki Şuşa Qlobal Media Forumu da bir çox xüsusiyyətləri ilə olduqca maraqlı bir platforma, dünya mediasına isə səs gətirən bir tədbir kimi yaddaşlara hopdu. Cənab Prezident İlham Əliyevin Forum boyu verilən suallara yüksək peşəkarlıqla, pozitiv ruhda cavab verməsi dövlət başçımızın həm Lider, həm də insan olaraq müsbət xüsusiyyətlərindən xəbər verir. Diqqət çəkən məqam çoxdur. Lakin xüsusilə nəzərə çarpan məsələ xarici siyasət istiqamətimizin dəyişmədiyidirsə, dəyişən tərəfin onun formasının olmasıdır.

Suallara verilən cavab ardıcıllıqlarını izlədiyimiz zaman məntiqi ardıcıllıq qədər, qətiyyətin də şahidi oluruq. Bu qətiyyət ondan ibarətdir ki, əsrlər boyu qan tökülməsinin əksinə olaraq Cənubi Qafqaz bundan sonra sabitlik məkanı olacaq. Qeyd etdiyim məntiqi ardıcıllıq ABŞ və Qərblə münasibətlərdə də özünü büruzə verir. Belə ki, ABŞ-la bundan öncəki administrasiya zamanında olan mənfi və heçə endirilən münasibətlərin əksinə olaraq müsbət dinamikanın müşahidə olunduğunun şahidiyik. Bir fövqəl dövlət üçün son dərəcə mənfi haldır ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələdə beynəlxalq hüququn norma və prinsipləri. eyni şərt və amilləri diktə etdiyi halda selektiv yanaşma ortaya qoyulur. Lakin dövlət başçımız gözləntilərdən söz açarkən onların böyük olduğunu bildirdi və yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələrin proqnozunu da verdi. Azərbaycan lazımi məqamda müraciət edilən, lazım olmayanda geri çevrilən aktor olmadığını yürütdüyü qətiyyətli siyasətilə sübut etməyi bacardı”.

media-inshot_20250722_100858128

O bildirib ki, digər dəyişən məqam isə Avropa təsisatları ilə bağlıdır:

“Belə məlum oldu ki, Azərbaycan-Avropa İttifaqı gündəliyinə yenidən başlanılacaq. Əlavə olaraq bundan öncəki Avropa Komissiyası rəhbərliyi ilə mənfi məqamlar olsa da yeni rəhbərlikdən sonra alınan və qarşılığında verilən müsbət cavablar bu təsisatla da münasibətlərdə yeni səhifənin açılacağından xəbər verir. Xarici siyasətimizin formasının dəyişməsi Azərbaycanın münaqişəyə son qoyan təcrübəli tərəf kimi artıq vasitəçilik missiyasını öz üzərinə götürməsində də görünür”.

Millət vəkilinin sözlərinə görə, Forumda diqqət çəkən məqamlardan biri Latın Amerikası ölkələri ilə olan münasibətlərdir ki, dövlət başçımız sözügedən regionun bəzi ölkələrində səfirliklər açıldığını, rəsmi səfərlərin intensiv xarakter aldığını vurğuladı:

“Lakin genişlənən xarici siyasətimizdə Latın Amerikası ilə münasibətlərimiz arzu etdiyimiz səviyyədə deyil. Məsələn, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq onu deyə bilərəm ki, son illər Latın Amerikasında sürətlə inkişaf edən ölkələrdən biri olan Çili əhalisi olduqca fəal iqtisadi əhali hesab edilir. Bu faktın özü də dövlət başçımızın da bildirdiyi kimi çox böyük regionun potensialından hərtərəfli yararlanmaq üçün əsas yaradır. Burada sadəcə siyasi əlaqələrdən söhbət getmir, kənd təsərrüfatı, biznes, ticarət, potensial sərmayələr və mədəniyyət sahələrində ümumi bazislər üzərində işləmək lazımdır. Məhz bu məsələnin vacibliyi üzərində dayanan dövlət başçımızın nitqindən bunun şahidi olduq ki, istiqaməti və mahiyyəti deyil, sadəcə forması dəyişən xarici siyasətimiz uzaq regionlara ayaq açıb.

Bir çox fikirlərin ilk dəfə səsləndirilməsi də daxil olmaqla son dərəcə səmimi ortamda baş tutan sual-cavab, fikir mübadiləsi ondan xəbər verir ki, III Şuşa Qlobal Media Forumu dövlət başçımızın dünya miqyaslı siyasətçi olduğunu bir daha sübut etdi”.

Ləman Sərraf


Bənzər xəbərlər