"Diplomatik korpusun Qarabağa səfəri siyasi və diplomatik mesajdır" - Pərvanə Vəliyeva
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
İşğaldan azad olunmuş bölgələrimizə baş tutan bu səfərin ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a şərh edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, bu cür səfərlər tarixi Zəfərimizdən sonra, artıq ənənəvi olaraq bir neçə ildir ki, davam edir:
“Diplomatik korpusun Qarabağa səfəri bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, reallıqların yerində göstərilməsi, xarici diplomatların bölgəyə səfər edərək vəziyyəti birbaşa müşahidə etməsi informasiyanın daha obyektiv formalaşmasına kömək edir. Yəni, onlar yalnız mediadan deyil, real vəziyyətdən nəticə çıxarırlar”.

Deputatın sözlərinə görə, bunun həm də siyasi və diplomatik mesajı var:
“Diplomatik korpusun səfəri ölkəmizin bölgədə nəzarətinin legitimliyini göstərir.
Bundan başqa, səfər zamanı yenidənqurma, yeni layihələrlə tanışlıq və inkişafın təqdimatı edilir.
Bu, potensial xarici investisiya və əməkdaşlıq imkanlarını artırır.
Digər tərəfdən, humanitar vəziyyətin qiymətləndirilməsi üçün də bu cür səfərlər önəmlidir. Minalarla çirkləndirilmiş ərazilər, humanitar vəziyyət, keçmiş dağıntılar və hazırkı bərpa prosesi yerində göstərilir ki, bu da beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
Bu cür səfərlər həm informasiya, həm diplomatiya, həm də iqtisadi baxımdan strateji əhəmiyyətə malikdir”.
Ləman Sərraf






