"Diqqətinizi nəticəyə yox, gündəlik həyata yönəldin" - İmtahan nəticəsini gözləyən gənclərə psixoloqdan TÖVSİYƏ
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İndi isə həmin abituriyentlər imtahanın nəticələrini səbirsizliklə gözləyirlər. Bu gözləmə müddəti bir çoxu üçün gərgin və stressli ola bilər. Bu dövrü daha sakit və stresssiz keçirmək üçün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmoq patrul.az-a açıqlamasında abituriyentlərə tövsiyələrini verib.
Onun sözlərinə görə, abituriyentlər bu dövrdə “imtahanın nəticəsi necə olacaq?” kimi düşüncələri azaltmaq üçün müxtəlif fəaliyyətlərlə məşğul olmalıdırlar:
“Abituriyentlərin imtahandan sonra nəticələri gözləməsi psixoloji baxımdan həssas və emosional gərginlik yaradan bir dövrdür. Bu mərhələdə gənclər uzun müddət hazırlaşdıqları imtahanın nəticəsini gözlədikləri üçün qeyri-müəyyənlik hissi yaşayırlar və bu, təbii olaraq stress, narahatlıq və hətta bəzi hallarda özünə inamsızlıq yarada bilər. Lakin bu vəziyyət normal psixoloji reaksiyadır və düzgün yanaşma ilə bu dövr daha sakit və balanslı şəkildə keçə bilər.
Əvvəlcə abituriyentlər başa düşməlidirlər ki, imtahan həyatın yalnız bir mərhələsidir və insanın bütün gələcəyini müəyyən edən yeganə faktor deyil. Gənclərin öz dəyərlərini yalnız imtahan nəticəsi ilə ölçməsi psixoloji gərginliyi daha da artırır. Ona görə də bu müddətdə özlərinə qarşı daha anlayışlı və realist yanaşmaları vacibdir. Hər bir gəncin bacarıqları, maraqları və inkişaf yolu fərqlidir və uğur yalnız bir imtahan nəticəsi ilə məhdudlaşmır.
Bu gözləmə dövründə gündəlik həyatın balansını qorumaq da çox önəmlidir. Abituriyentlərin bütün diqqətini yalnız nəticələrə yönəltməsi onların emosional vəziyyətinə mənfi təsir edə bilər. Ona görə də gənclərin fiziki aktivliklə məşğul olması, açıq havada vaxt keçirməsi, sevdikləri fəaliyyətlərlə məşğul olması və sosial münasibətlərini davam etdirməsi psixoloji gərginliyi azaltmağa kömək edir. İdman, gəzinti və ya yaradıcı fəaliyyətlər beynin stress reaksiyasını zəiflədir və emosional sabitliyi gücləndirir”.

Psixoloq bildirib ki, bu dövrdə valideynlərin mövqeyi də xüsusi əhəmiyyət daşıyır və onların davranışı gənclərin psixoloji vəziyyətinə birbaşa təsir edir:
“Valideynlərin mövqeyi də bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Bəzən valideynlərin yüksək gözləntiləri və nəticə ilə bağlı təzyiqi gənclərdə əlavə narahatlıq yarada bilər. Halbuki bu dövrdə abituriyentlərin ən çox ehtiyac duyduğu şey anlayış, dəstək və emosional təhlükəsizlik hissidir. Valideynlər övladlarına göstərməlidirlər ki, onların dəyəri yalnız nəticə ilə ölçülmür və hansı nəticə olursa olsun ailənin dəstəyi dəyişməz qalır.
Digər mühüm məqam isə düşüncə tərzidir. Gənclər gözləmə dövründə ən pis ssenariləri düşünmək və nəticə ilə bağlı mənfi ehtimalları şişirtmək meyli göstərə bilirlər. Bu isə psixoloji gərginliyi daha da artırır. Ona görə də diqqəti gələcək planlara yönəltmək, alternativ yollar haqqında düşünmək və öz inkişaflarını davam etdirmək daha sağlam psixoloji yanaşmadır.
Əlbəttə ki, imtahandan sonra gözləmə dövrü gənclər üçün həm emosional sınaq, həm də psixoloji yetkinlik mərhələsidir. Bu dövrü daha sağlam keçirmək üçün özünə qarşı anlayışlı olmaq, gündəlik həyat balansını qorumaq, sosial dəstəyi gücləndirmək və nəticədən asılı olmayaraq həyatın müxtəlif imkanlarının olduğunu qəbul etmək vacibdir. Bu yanaşma həm abituriyentlərin psixoloji rifahını qoruyur, həm də onların gələcəyə daha sağlam və inamlı baxmasına kömək edir”.
Gülbəniz Səfərova






