"Dövlət başçımızın uğurlu siyasəti bizi hələ çox böyük qələbələrə aparacaq" - Deputat
“2020-ci ildə Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi – xalq, ordu və Ali Baş Komandan vəhdəti bizə yüz illərdir qazanmadığımız tarixi Qələbəni qazandırdı və bizi müzəffər xalqa çevirdi”.
Bu sözləri Patrul.az-a açıqlamasında deputat Vüqar İskəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təəssüratlarını bölüşərkən deyib.
Deputat Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu liderlik statusunu qlobal səviyyəyə daşıyan Prezident İlham Əliyevin uğurlu siyasətindən danışıb:
“Hər bir xalqın taleyinin formalaşmasında ölkə liderlərinin rolu böyükdür. Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Ulu Öndər Heydər Əliyev kimi lideri olub. Dövlətçiliyin itirilməsi təhlükəsi, daxildə vətəndaş qarşıdurmasının alovlanması, sərhədlərdə müharibə və xalqın ümidsizlik içində olduğu bir dövrdə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı qoruyub saxladı və ölkəni bütün təhlükələrdən xilas etdi. Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev isə bu gün Azərbaycanı tərəqqiyə apararaq qlobal gücə çevirməyi bacardı. Artıq möhtərəm Prezidentimiz 50 milyonluq azərbaycanlının lideridir. Azərbaycan tarixində son illərdə qazandığımız qələbə və uğurlar əvvəllər heç vaxt əldə edilməyib. Tariximizdə kifayət qədər torpaq və insan itkiləri olub, uzun illər əzəli torpaqlarımızın işğalı ilə bağlı ağrılı günlər yaşamışıq”.

V. İskəndərov Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu, bununla da dövlət başçısının adının qlobal liderlər sırasında çəkildiyini qeyd edib:
“2023-cü ildə keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi. Bu gün ölkəmiz təkcə regionun lider dövləti deyil, eyni zamanda geniş coğrafiyada söz sahibi olan güclü aktora çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, milli maraqlara əsaslanan siyasət ölkəmizin beynəlxalq nüfuzunu durmadan artırır. Dövlət başçımızın adı qlobal liderlər sırasında ön cərgədə çəkilir. Cənab İlham Əliyev tarix yazan liderdir. Azərbaycan adı yaşadıqca Heydər Əliyevin və İlham Əliyevin adları da tarixdə əbədi qalacaq”.
Millət vəkili Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolunu da xüsusi vurğulayıb:
“Cənab Prezidentlə birlikdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ölkəmizin inkişafı üçün böyük fədakarlıqla çalışır. Humanitar dəyərlərimizin təbliğində onun çox mühüm rolu var”.
Deputat bildirib ki, rəşadətli ordumuzun gücü nəticəsində qazanılan torpaqlarda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır:
“Cənab İlham Əliyev artıq bir neçə ildir doğum gününü Qarabağda qeyd edir. Bu da onun rəhbərliyi altında azad edilmiş bölgələrimizin dirçəlişinin rəmzidir. Vətən müharibəsində müasir taktika və texnologiyalarla dünya hərb tarixində yeni səhifə açdıq. Postmüharibə dövründə isə həmin ərazilərin sürətlə bərpası ilə dünyanı heyrətləndiririk. Bütün bu proseslərin memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Düşünürəm ki, onun uğurlu siyasəti bizi hələ çox böyük qələbələrə aparacaq”.
Gülbəniz Səfərova






