""Döyürəm ki, uşaq düzəlsin" deyən valideynlər əslində övladlarına aqressiyanı öyrədir" - PSİXOLOQ
Uşağa qarşı cismani cəzanın tətbiqi qaydası dəyişib. Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər, eləcə də digər şəxslər cərimələnəcək.
Məlumdur ki, dövrümüzün uşaqları aqressiv davranışlar göstərir, telefon asılılığı səbəbindən böyüklərin sözlərini qulaqardı edirlər. Bəs bu halda valideynlər və müəllimlər uşaqları tərbiyə edərkən hansı üsullara üstünlük verməlidirlər ki, bu proses uşağın psixoloji sağlamlığına zərər verməsin?
Bu barədə Patrul.az-a kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva öz təcrübəsini bölüşüb.
Psixoloq uşağın normal mühitdə formalaşması, aqressiyadan uzaq qalması üçün həm valideynlərə, həm məktəb mühitində tərbiyə ilə məşğul olanlara, həm də psixoloqlara tövsiyələr verib.
Onun sözlərinə görə, uşağa fiziki şiddət göstərilməsi onu tərbiyə etmək deyil, əksinə gələcəkdə psixologiyası zədələnmiş bir insana çevirə bilər:
“Fiziki cəza heç bir halda qəbulolunmazdır. Uşaq dərsini oxumadıqda döyülsün və ya hər hansı bir yoldaşına qarşı kobudluq etsin deyə şiddətə məruz qalsın – bu kimi heç bir səbəb uşağa fiziki cəza vermək üçün doğru deyil. Fiziki cəza tərbiyə üsulu ola bilməz. Valideyn çox vaxt düşünür ki, “övladımı vurduğum üçün o sakitləşdi, amma bayaq nə qədər söz desəm də qulaq asmırdı, döydükdən sonra dediklərimi qəbul etdi”….əslində isə valideyn bu düşüncə ilə problemi həll etdiyini zənn edir. Amma bu belə deyil. Sadəcə həmin situasiyada uşaq prosesi anlıq olaraq qəbul etmiş kimi görünür. Əslində isə problem daha da böyüyür. Çünki valideyn bu hərəkəti ilə uşağa aqressiyanı öyrətmiş olur. Yəni uşağa “sən kimdənsə nəsə istədikdə etiraz edirsə, onu şiddətlə yola gətirə bilərsən” mesajını vermiş olur. Bu isə heç bir halda nümunəvi davranış deyil”.

N.Quliyeva məktəbdə şagirdlərə aqressiv davranan müəllimlərə də daha düzgün üsullardan istifadə etməyin vacibliyini vurğulayıb:
“Müəllimlərin də heç bir halda şagirdləri vurmaq, təhqir etmək və ya təhdid etmək haqqı yoxdur. Əgər uşaq dərsi bilmirsə və ya məktəbin qaydalarını pozursa, bunun üçün müxtəlif üsullar mövcuddur. Məsələn, məktəbin psixoloqu ilə görüş təşkil etmək və ya müəllimin özü uşağa vəziyyəti izah etməsi mümkündür. Həmçinin şagird məktəbin nizam-intizam qaydalarını pozubsa, bununla bağlı rəsmi şəkildə müəyyən tədbirlər görülə bilər”.
Həmsöhbətimizin fikrincə, uşaqlarla işləyən psixoloqlar valideyn, uşaq və müəllimlə birlikdə çalışaraq problemi kökündən həll etməlidirlər:
“Bu məsələdə problemi həll etmək təkcə valideyn və müəllimin üzərinə düşmür. Belə hallarda psixoloqların rolu da çox vacibdir. Ola bilər ki, məktəbin psixoloqu bütün hallarda korreksiya işi aparmaqda yetərli imkanlara malik olmasın. Bu zaman uşaq fərdi psixoloqun yanına yönləndirilə bilər. Belə olduqda psixoloq həm valideyn, həm uşaq, həm də müəllimlə birlikdə işləməlidir ki, problem aradan qalxsın.
Təbii üsullardan ən vacibi isə uşağı dinləmək və onun duyğularını anlamaqdır. Uşaq nəyə ehtiyac duyur? Niyə şiddətə meyillilik göstərir, nizam-intizamı pozur və ya dərs oxumur? – bu sualların səbəblərini araşdırmaq lazımdır. Adətən davranışında problemlər olan uşaqlar sağlam olmayan mühitdən gəlirlər. Onlar ya çox avtoritar ailədən, ya da həddindən artıq məsuliyyətsiz yanaşmanın olduğu ailədən çıxırlar. Valideynlərdən biri hər şeyə icazə verib, digəri isə əksinə hər şeyi qadağan etdikdə də bu kimi problemlər yaranır”.
Psixoloq aqressiv vəziyyətdə olan uşağa valideynin necə davranmalı olduğunu da açıqlayıb:
“Psixoloq kimi valideynlərə tövsiyəm budur ki, övladlarınızı dinləyin, onları dərhal mühakimə etməyin. Əgər uşaq kriz anında qəzəbli davranırsa, həmin anda onunla müzakirə aparmağa çalışmayın, əksinə onu sakitləşdirməyə çalışın. Uşaq sakitləşdikdən təxminən yarım saat sonra elə bir situasiya yaradın ki, özü səhvini görə bilsin. Ona yanında olduğunuzu hiss etdirin və etdiyi davranışın doğru olmadığını izah edin”.
N.Quliyeva uşaqlarına tez-tez lazımsız məhdudiyyətlər qoyan valideynlərə də çağırış edib:
“Həmçinin valideynlər uşaqların enerjisini də nəzərə almalıdırlar. Bəzi valideynlər uşaqlar oynamaq istəyəndə onlara “qaçma”, “otur yerində”, “səs salma” kimi məhdudiyyətlər qoyurlar. Nəticədə uşaq enerjisini çıxara bilmir və aqressiv davranışlar göstərməyə başlayır”.
Mütəxəssis uşaqları telefon asılılığından uzaqlaşdırmağın yollarına da toxunub:
“Bu günün əsas problemlərindən biri uşaqların texnoloji vasitələrdə çox vaxt keçirməsidir. Onlar bəzən özləri üçün zərərli olan filmlərə, cizgi filmlərinə baxır, oyunlar oynayırlar. Bu isə onların psixoloji yüklənməsinə və aqressiv davranışlarına səbəb ola bilər. Buna görə də valideynlər həm övladlarını nəzarətdə saxlamalı, həm də müəyyən məhdudiyyətlər tətbiq etməlidirlər. Telefondan uzaqlaşdırmaq üçün isə uşaqları açıq havada gəzintiyə aparmaq, idman, rəsm, rəqs və digər fəaliyyətlərə yönləndirmək daha faydalı nəticə verə bilər”.
Gülbəniz Səfərova






