Dubaydan gəlməyən avtomobillər, itib-batan pullar
Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev yazır.
Son zamanlar Dubayda avtomobil alqı-satqısı və ixracı ilə məşğul olan bəzi azərbaycanlılarla bağlı sosial şəbəkələrdə və müxtəlif platformalarda şikayətlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır.
Əvvəllər ölkəmizə avtomobillər əsasən Gürcüstan və ABŞ-dən gətirilirdi. Sonrakı illərdə bu istiqamətdə Koreya bazarı üstünlük qazandı. Hazırda isə Çin və Dubay avtomobil bazarları Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu məkanlardan birinə çevrilib. Xüsusilə Dubaydan avtomobillərin daha sərfəli qiymətə və qısa müddətdə gətirilməsi bu bazara marağı daha da artırıb.
Bir neçə il əvvəl Dubaya gedən azərbaycanlılar hərraclarda avtomobillər alır, ölkəmizdən verilən sifarişləri qəbul edir və xidmət haqqı müqabilində həmin nəqliyyat vasitələrini Azərbaycana göndərirdilər. Bu fəaliyyət uzun müddət etimada əsaslanan biznes kimi qəbul olunurdu.
Lakin son dövrlərdə bu sahədə fəaliyyət göstərən bəzi şəxslərlə bağlı narahatedici iddialar səsləndirilir. Bildirilir ki, sifariş qəbul edildikdən sonra vətəndaşlar tərəfindən Dubaya göndərilən pullar mənimsənilir, avtomobillər göndərilmir, daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur. İddialara görə, zənglər cavabsız qalır, yazışmalara reaksiya verilmir və insanlar həm maddi, həm də mənəvi zərər çəkirlər.
Əgər bu iddialar həqiqəti əks etdirirsə, söhbət artıq sadəcə uğursuz biznesdən deyil, insanların etibarından sui-istifadə edilməsindən gedir.
Elə bil bu millətə qənim kəsiliblər. İnsanların illərlə zəhmətlə qazandığı pulları mənimsəyib, sonra həmin vəsait hesabına dəbdəbəli həyat yaşamaq nə mənəviyyata, nə vicdana, nə də insanlığa sığır. Həmin pullarla bahalı evlərdə yaşamaq, lüks avtomobillər sürmək, bahalı restoranlarda vaxt keçirmək və brend geyimlər nümayiş etdirmək heç vaxt uğur göstəricisi deyil. Əksinə, bu, başqalarının haqqı hesabına qurulan saxta rifahın göstəricisidir.
Yüzlərlə, bəlkə də minlərlə insanın ümidini puç edib, onların halal zəhmətlə qazandığı vəsaiti mənimsəyərək özünə komfortlu həyat qurmaq hansı mənliyə, hansı əxlaqa, hansı vicdana və hansı kişiliyə sığır? Bu gün aldatdığınız hər bir vətəndaşın ailəsi, övladı, arzuları və ümidləri var. Siz isə bütün bunları bir neçə dəqiqəyə heçə sayırsınız.
Bunu istər tənqid, istərsə də sərt ifadə kimi qəbul edin. Amma bir həqiqət dəyişmir: öz millətinin haqqına girən, öz vətəndaşını aldadan, etibarından sui-istifadə edərək onun pulunu mənimsəyən insanın nə şərəfindən, nə ləyaqətindən, nə də mənliyindən danışmağa dəyər. Onsuz da bu dövlətə və bu xalqa zərər vurmaq istəyənlər kifayət qədərdir. Təəssüf ki, siz də eyni yolda addımlayırsınız. Fərq ondadır ki, onlar bunu başqa üsullarla edir, siz isə öz xalqınızı aldadaraq.
Sevindirici haldır ki, hüquq-mühafizə orqanları bu kimi hallara qarşı daim mübarizə aparır, dələduzluq və mənimsəmə əməllərinə yol verən şəxsləri müəyyən edərək məsuliyyətə cəlb edir və onların qanunla nəzərdə tutulmuş qaydada layiqli cəzalarını almalarını təmin edir. Çünki cəzasızlıq yeni qurbanların yaranmasına səbəb olur.
Sonda Patrul.az komandası olaraq bu şəxslərdən zərər gördüyünü iddia edən bütün vətəndaşları bizimlə əlaqə saxlamağa çağırırıq. Məqsədimiz heç kəsi əsassız ittiham etmək deyil. Məqsədimiz faktlar və sənədlər əsasında bu iddiaları araşdırmaq, insanları məlumatlandırmaq və əgər qanun pozuntusu varsa, həmin şəxslərin ifşa olunmasına töhfə verməkdir. Heç olmasa, bundan sonra başqa vətəndaşlarımız eyni taleyi yaşamasın.






