Elektron pul kisəsindəki pullar miras qalır? - VƏKİL AÇIQLADI
Son illərdə bank hesabları ilə yanaşı elektron pul kisələri və rəqəmsal ödəniş platformalarından istifadə də sürətlə artır. Bir çox vətəndaş vəsaitini məhz bu platformalarda saxlayır. Bu isə belə bir sualı gündəmə gətirir: elektron pul kisəsində saxlanılan vəsait sahibinin vəfatından sonra miras əmlakına daxil edilə bilərmi?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki,elektron pul kisəsindəki vəsait şəxsin əmlakı hesab olunduğundan, qanunvericiliyə uyğun olaraq ölümündən sonra mirasın tərkibinə daxil edilə bilər:
“Elektron pul kisəsi istifadəçiyə pul saxlamağa, köçürmə etməyə, onlayn ödənişlər həyata keçirməyə, bəzi hallarda valyuta dəyişməyə imkan verən rəqəmsal hesabdır. Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində insanlar bank hesablarından əlavə, müxtəlif elektron pul kisələrindən – məsələn, PayPal, Apple Pay, Google Pay, M10 və digər elektron ödəniş platformalarından geniş istifadə edirlər. Bəs belə bir sual yaranır: elektron pul kisəsində saxlanılan vəsait şəxs vəfat etdikdən sonra miras kimi varislərə keçirmi?
Bəli, əksər hallarda elektron pul kisəsində olan vəsait miras kütləsinə daxil edilir və qanuni və ya vəsiyyət üzrə varislərə keçə bilər. Lakin bunun üçün müəyyən hüquqi və praktiki prosedurlar mövcuddur. Hesabda olan vəsait istifadəçinin əmlak hüququnun obyektidir. Buna görə də həmin vəsait onun ölümündən sonra mirasın tərkibinə daxil ola bilər”

N.Əliyev qeyd edir ki, elektron pul kisəsindəki vəsait mirasın tərkibinə daxil ola bilər, lakin varislərin həmin vəsaiti əldə etməsi üçün qanunvericiliyə və platformanın tələblərinə uyğun hüquqi prosedurlar yerinə yetirilməlidir:
“Vəfat etmiş şəxsin bütün əmlakı, əmlak hüquqları, pul vəsaitləri, bank hesablarındakı qalıqlar, digər maliyyə tələbləri mirasın tərkibinə daxildir. Elektron pul kisəsində olan vəsait də faktiki olaraq istifadəçinin maliyyə tələbi hesab olunduğundan, bu hüquq da varislərə keçə bilər. Lakin bir çox platformaların istifadə şərtlərinə görə hesab şəxsi xarakter daşıyır, ölüm halında hesab dondurula bilər, yalnız hüquqi sənədlər təqdim edildikdən sonra vəsait varislərə ödənilə bilər. Varisin sadəcə şifrəni bilməsi ona avtomatik olaraq həmin vəsaiti istifadə etmək hüququ vermir. Bu, sonradan hüquqi mübahisələrə səbəb ola bilər”
Vəkilin sözlərinə görə, elektron pul kisəsindəki vəsait miras kimi varislərə keçə bilər, lakin bunun üçün qanuni prosedurlar yerinə yetirilməli, kriptovalyuta cüzdanlarında isə şəxsi açar olmadıqda aktivlərə çıxış mümkün olmaya bilər:
“Ən böyük problemlərdən biri odur ki, PayPal və digər beynəlxalq platformalar xarici hüquqa tabedir. Bu halda sənədlərin apostil olunması, notarial tərcümə, əlavə identifikasiya prosedurları, bəzən xarici məhkəmə qərarı tələb oluna bilər. Lakin kriptovalyuta ilə elektron pul kisəsi eyni şey deyil. Burada mühüm fərq var. Elektron pul kisəsi platforma tərəfindən idarə olunur. Kriptovalyuta cüzdanı isə istifadəçi tərəfindən idarə olunur. Kriptovalyuta cüzdanında şəxsi açar məlum deyilsə, hüquqi vərəsəlik olsa belə, aktivlərə faktiki çıxış mümkün olmaya bilər. Elektron pul kisəsi şirkət vasitəsilə bərpa oluna bilər. Kriptovalyuta cüzdanı isə şəxsi açar itərsə, bərpa mümkün olmaya bilər. Əgər varislər hesabın mövcud olduğunu bilirlər, lakin məlumat əldə edə bilmirlərsə, notarius vasitəsilə sorğu göndərilə, məhkəməyə müraciət edilə, sübutların təmin edilməsi barədə vəsatət verilə bilər. Xüsusilə xarici platformalar məlumat verməkdən imtina etdikdə məhkəmə qərarı mühüm rol oynayır”.
Cəmilə Cəfərzadə






