ABŞ-İran qarşıdurması neft bazarını silkələdi: "Azeri Light" 92 dolları ötdü
Yaxın Şərqdə ABŞ və İran arasında hərbi gərginliyin pik həddə çatması dünya birjalarında neftin qiymətini son ayların ən yüksək səviyyəsinə qaldırıb.
Patrul.az birjalarda aparılan son hərracların nəticələrinə əsasən xəbər verir ki, “Brent” markalı neftin qiyməti 3,05% – 3,2% aralığında yüksələrək bir barel üçün 90,79 – 90,95 ABŞ dolları səviyyəsinə çatıb. Bildirilir ki, bu cari ilin iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Dünyanın digər əsas etalonu – ABŞ-nin “WTI” markalı neftinin qiyməti isə 2,65% – 2,8% civarında artaraq bir barel üçün 84,04 – 84,68 ABŞ dolları təşkil edib ki, bu da iyunun 12-dən bəri ən yüksək həddir.
Ümumilikdə, hər iki etalon marka ötən həftəni 15,5% – 15,9% aralığında kəskin bahalaşma ilə başa vuraraq yaz aylarından bəri ən güclü həftəlik artım tempini nümayiş etdirib.
Ekspertlərin fikrincə, qiymət artımını tetikleyen əsas amillər tərəflərin dəniz daşımalarına qarşı atdığı qarşılıqlı addımlar, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və qlobal neft ticarətinin mühüm qovşağı olan Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin risk altına düşməsidir.
Qlobal bazardakı bu sıçrayış Azərbaycanın xammal bazarına da birbaşa təsir göstərib. Ölkəmizin əsas ixrac markası olan “Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti dünya birjalarındakı tendensiyaya uyğun olaraq 92 ABŞ dolları səviyyəsini ötüb. Cari qiymət artımı Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan neftin baza qiymətindən (65 ABŞ dolları) əhəmiyyətli dərəcədə yüksəkdir.
Gülbəniz Səfərova






