İspaniyanın Dünya Çempionatındakı qələbəsi ölkəyə nə qədər qazandıracaq?
İspaniya millisinin 2026-cı il FİFA Dünya Kubokunun finalında Argentinanı 1-0 hesabı ilə məğlub edərək çempion olması ölkəyə 50 milyon dollar (85 milyon manat) pul mükafatı və 8 milyard avro həcmində dolayı iqtisadi artım qazandıracaq.
Patrul.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Bildirilib ki, çempionluq mükafatı birbaşa İspaniya Kral Futbol Federasiyasının (RFEF) hesabına köçürüləcək.
Məlumata görə, federasiya turnirdən əvvəl ayrılan 2,5 milyon dollarlıq (4,25 milyon manat) hazırlıq qrantı ilə birlikdə ümumilikdə 52,5 (89,25 milyon manat) milyon dollar vəsait əldə edib.
Bundan əlavə, FİFA İspaniya nümayəndə heyətinin (oyunçular daxil olmaqla 50 nəfərlik heyət) bütün biznes-klass uçuş, mehmanxana və qidalanma xərclərini tamamilə öz üzərinə götürüb.
Bu nəhəng vəsaitin daxili bölgüsü və ölkə iqtisadiyyatına təsiri aşağıdakı kimidir:
– “Diario AS” nəşrinin yaydığı məlumata görə, 50 milyon dollarlıq əsas mükafatın %45-i (22,5 milyon dolları (38,25 milyon manat) birbaşa futbolçular arasında bölünəcək. Bu, 26 nəfərlik heyətdə hər bir oyunçuya vergilərdən əvvəl təxminən 865,000 dollar (1,47 milyon manat) gross bonus ödənilməsi deməkdir. Mükafatın qalan hissəsinin məşqçi heyəti və dəstək komandası arasında necə bölüşdürüləcəyinə RFEF qərar verəcək.
– İspaniyada yaşayan futbolçuların bu qazanclarından ödəyəcəkləri vergilər sayəsində Dövlət Vergi Agentliyinə, həmçinin Navarra və Bask bölgələrinin yerli xəzinələrinə ümumilikdə təxminən 10 milyon manat birbaşa vergi daxil olacaq.
– Beynəlxalq araşdırmalara görə, Dünya Kubokunu qazanmaq çempion ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) artım tempini növbəti iki rüb ərzində ən azı 0,48% sürətləndirir. İspaniyanın 1,69 trilyon avroluq iqtisadiyyatını nəzərə aldıqda, bu artım ölkəyə təxminən 15,6 milyard manat dəyərində dolayı iqtisadi fayda gətirəcək.
Qeyd edək ki, bu qələbə eyni zamanda “İspaniya brendi”ni qlobal miqyasda gücləndirərək ölkənin mal və xidmət ixracını stimullaşdıracaq, daxili ticarətdə və xidmət sektorunda uzunmüddətli canlanmaya səbəb olacaqdır.
Gülbəniz Səfərova






