media-inshot_20260721_155803999

Sosial şəbəkələrdə “profilinizə kimin baxdığını göstərəcəyini” iddia edən tətbiqlər və saytlar istifadəçilərin marağından sui-istifadə edərək geniş yayılmağa davam edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür platformalar əksər hallarda istifadəçilərdən hesab məlumatlarını təqdim etməyi, müxtəlif icazələr verməyi və ya naməlum proqramları yükləməyi tələb edir ki, bu da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.

Bəs sosial şəbəkədə “kim profilimə baxdı” vədi verən tətbiqlər istifadəçilər üçün hansı təhlükələri yaradır və bu cür platformaların etibarlı olub-olmadığını necə müəyyən etmək olar?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, sosial media platformaları belə məlumat təqdim etmədiyindən, “kim profilimə baxdı” tətbiqləri etibarlı deyil və hesabın ələ keçirilməsi, fişinq və məlumat oğurluğu kimi risklər yarada bilər:

“Sosial şəbəkələrdə ‘kim profilimə baxdı’ vədi verən tətbiqlərə istifadəçilər ehtiyatla yanaşmalıdır. Çünki Facebook, Instagram, TikTok kimi platformalar üçüncü tərəf tətbiqlərinə profilinizə kimin baxdığı barədə məlumat təqdim etmir. Yəni bu tətbiqlərin əksəriyyəti vəd etdikləri xidməti texniki baxımdan göstərə bilmir. Belə tətbiqlərin əsas təhlükəsi ondan ibarətdir ki, onlar istifadəçilərdən sosial şəbəkə hesablarına giriş icazəsi və ya şəxsi məlumatlar tələb edə bilirlər. Nəticədə hesabın ələ keçirilməsi, şəxsi məlumatların toplanması, spam mesajların göndərilməsi, fişinq hücumları və hətta maliyyə fırıldaqları kimi risklər yarana bilər. Bəzi hallarda isə tətbiqlər istifadəçinin cihazına zərərli proqramların quraşdırılmasına səbəb ola bilir”.

media-img-20260707-wa0041

Mütəxəssis bildirir ki, istifadəçilər bu cür tətbiqlərdən uzaq durmalı, hesab məlumatlarını paylaşmamalı və iki faktorlu identifikasiyanı aktiv etməlidirlər:

“İstifadəçilərə tövsiyəm odur ki, bu tip tətbiqlərə etibar etməsinlər, hesab məlumatlarını heç bir halda üçüncü tərəf platformalarla paylaşmasınlar, yalnız rəsmi tətbiq mağazalarından proqram yükləsinlər və sosial şəbəkə hesablarında iki faktorlu identifikasiyanı aktiv etsinlər. Əgər hər hansı tətbiq hesabınıza giriş icazəsi alıbsa, həmin icazələri dərhal ləğv etmək və şifrəni dəyişmək məqsədəuyğundur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər