"Almaniya da Azərbaycan qazını alan ölkələr sırasına qoşulacaq" - Ceyhun Məmmədov
Bu gün Prezident İlham Əliyev Almaniyada rəsmi səfərdədir. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb. Görüş zamanı Prezident İlham Əliyev Fəxri qonaqlar kitabını imzalayıb. Həmçinin danışıqlarda Frank-Valter Ştaynmayer Azərbaycanın Cənubi Qafqazda, xüsusilə energetika və iqtisadiyyat sahələrində Almaniyanın vacib tərəfdaşı olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti Almaniyanın Federal Kansleri Fridrix Mertslə görüşüb. Tərəflər arasında mühüm sənədlər imzalanıb. Prezident İlham Əliyev imzalanan sənədlərin iki ölkə arasındakı əlaqələri daha da yüksək səviyyəyə qaldıracağına əmin olduğunu bildirib. Fridrix Merts isə öz növbəsində Almaniya-Azərbaycan münasibətlərinin dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Həm bu səfəri, həm də Azərbaycan-Almaniya münasibətlərini Patrul.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, gələcəkdə bu əlaqələr daha da inkişaf edəcək:
“Cənab Prezidentin Almaniyaya səfəri bir çox məsələlər baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Bu gün Azərbaycan-Almaniya münasibətləri inkişaf etməkdədir və ölkəmiz bu əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verir. Görünən odur ki, Berlin də Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Hazırda tərəflər bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Bu sahələrdən biri də enerji təhlükəsizliyidir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Almaniyanın da Azərbaycan qazına ehtiyacı var. Artıq Azərbaycan qazını alan ölkələr sırasına Almaniya da qoşulacaq. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə gündən-günə inkişaf edir”.

Deputat dövlət başçısının Almaniyada yüksək səviyyədə qarşılanmasına da diqqət çəkərək bildirib:
“Tərəflər arasında imzalanan sənədlər əlaqələrimizin artıq strateji müstəviyə yüksəldiyini göstərir. Alman şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz də bu şirkətlərlə əməkdaşlığın və investisiya imkanlarının genişlənməsində maraqlıdır. Prezident İlham Əliyevin Almaniyada yüksək səviyyədə qarşılanması, ona göstərilən etimad və diqqət bir daha sübut etdi ki, Almaniya tərəfi də bu münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır. Zaman-zaman müəyyən gərginliklər yaşansa da, artıq onların geridə qaldığını görürük. Hesab edirəm ki, atılan bu addımlar gələcəkdə də Azərbaycan-Almaniya əlaqələrinin inkişafına və möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Gülbəniz Səfərova






