media-inshot_20260721_102456642

 Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı qələbə ilə Qarabağa qovuşaraq 30 illik həsrətinə son qoydu. Ölkəmizin incisi, tarixi və əbədi sərvəti olan bu zəngin torpaqların işğaldan azad edildikdən sonrakı mənzərəsi isə həqiqətən də dəhşətverici idi. Tarixi abidələrimiz dağıdılmış, talan edilmiş, məscidlərimiz və digər dini ocaqlarımız təhqir olunaraq tövləyə çevrilmişdi. Bütün dünya ermənilərin təkcə insanlara deyil, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törətdiyi vandalizmin də şahidi oldu. Maraqlısı da odur ki, onların işğal dövründə Qarabağda bərpa işləri aparmaması sanki bir gün bu torpaqları itirəcəklərini əvvəlcədən bildiklərini göstərirdi. Nəhayət, həmin gün 2020-ci il noyabrın 10-da 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı.

Lakin ermənilərin törətdiyi bu vandalizmə bəzi beynəlxalq qurumların da səssiz qaldığını gördük. Söhbət ondan gedir ki, Qarabağ azad olunduqdan dərhal sonra UNESCO-nun nümayəndə heyəti bölgəyə gələrək mədəni və tarixi abidələrimizin hansı vəziyyətə salındığını yerində araşdırmalı və bunu dünya ictimaiyyətinə təqdim etməli idi.

Azərbaycan uzun illərdir ki, işğal dövründə Qarabağda dağıdılmış mədəni və tarixi irs nümunələrinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun beynəlxalq monitorinq missiyasını bölgəyə dəvət edir. Lakin indiyədək UNESCO-nun rəsmi qiymətləndirmə missiyası nə Qarabağa səfər edib, nə də bu istiqamətdə konkret addım atıb.

Qarabağ işğaldan yenicə azad olunanda bölgədəki mənzərə daha dəhşətli idi. Hazırda isə dövlət tərəfindən genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

UNESCO-nun bu məsələyə susması ilə yanaşı, vaxtilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyinin də şahidi olduq. Belə ki, qurum bir vaxtlar missiyanı “Dağlıq Qarabağ missiyası” kimi təqdim etməyə çalışmış, Azərbaycan isə buna etiraz edərək rəsmi sənədlərdə “Azərbaycanın Qarabağ bölgəsinə missiya” ifadəsinin işlədilməsini tələb etmişdi.

Bəs UNESCO niyə hələ də bu məsələdə passiv mövqe nümayiş etdirir? Yaxın gələcəkdə təşkilatın Qarabağda hərtərəfli monitorinq və araşdırma aparacağını gözləmək olarmı?

Bununla bağlı Patrul.az-a Milli Məclisin deputatı Könül Nurullayeva öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, UNESCO-nun hazırda müharibə vəziyyətində olan ölkələrə belə missiya göndərməsi, Azərbaycana münasibətdə nümayiş etdirdiyi səssizliyi sual altına salır:

“Azərbaycan uzun illərdir ki, Qarabağda işğal dövründə dağıdılmış mədəni, tarixi və dini irs nümunələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün UNESCO-nun monitorinq missiyasının bölgəyə göndərilməsini tələb edir. Çünki beynəlxalq ekspertlərin yerində apardıqları obyektiv araşdırmalar işğal illərində mədəni irsə vurulmuş ziyanın real miqyasını dünya ictimaiyyətinə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Buna baxmayaraq, UNESCO-nun hərtərəfli qiymətləndirmə missiyası indiyədək Azərbaycanın Qarabağ bölgəsinə səfər etməyib. UNESCO bunun üçün müxtəlif prosedur və razılaşdırma məsələlərinin vacibliyini əsas gətirsə də, bu mövqe təşkilatın passivliyi və hadisələrə laqeyd münasibətinin göstəricisidir.

Halbuki son illərdə Ukrayna, Mali, İsrail və İran ərazilərində mədəni irs obyektlərinə zərər dəydikdə təşkilat operativ bəyanatlar verib, beynəlxalq hüququn, xüsusilə də 1954-cü il Haaqa Konvensiyasının müddəalarını xatırladıb. Lakin təəssüf ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində baş vermiş dağıntılarla bağlı eyni prinsipial mövqe nümayiş etdirilməyib.

İşğaldan dərhal sonra azad edilmiş ərazilərdə aparılan müşahidələr göstərirdi ki, onilliklər ərzində yüzlərlə tarixi-mədəniyyət abidəsi dağıdılıb, məscidlər, qəbiristanlıqlar, muzeylər və digər irs nümunələri ciddi zərər görüb. Hazırda isə dövlət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilir, tarixi abidələrin bərpası istiqamətində ardıcıl işlər görülür. Bu baxımdan, beynəlxalq monitorinq missiyasının nəticələri keçmiş dağıntıların sənədləşdirilməsi ilə yanaşı, aparılan bərpa proseslərinin beynəlxalq müstəvidə qiymətləndirilməsi üçün də əhəmiyyətlidir”.

media-inshot_20260720_214840298

Həmsöhbətimiz UNESCO-nun Azərbaycana qarşı qərəzli mövqeyinə də açıq şəkildə toxundu:

“UNESCO BMT sisteminə daxil olan qurum kimi mədəni irsin qorunması sahəsində fəaliyyət göstərsə də, Azərbaycan ərazilərində Ermənistanın törətdiyi bəşəri vandalizmi heç vaxt öz adı ilə çağırmayıb. Regionda təhlükəsizlik şəraitinin nisbətən sabitləşməsi, yenidənqurma prosesinin davam etməsi və Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində verdiyi mesajlar belə bir missiyanın reallaşması üçün daha əlverişli zəmin yaradıb. UNESCO-nun Qarabağda aparacağı obyektiv və peşəkar monitorinq ümumilikdə dünya mədəni irsinin qorunması baxımından mühüm addım ola bilər. Belə bir missiya işğal dövründə mədəni irsə dəymiş ziyanın beynəlxalq ekspertiza əsasında qiymətləndirilməsinə, eyni zamanda, hazırda həyata keçirilən bərpa işlərinin sənədləşdirilməsinə töhfə verə bilər. Təşkilatın bu istiqamətdə atacağı addımlar onun mədəni irsin qorunması sahəsindəki mandatının praktik icrası və beynəlxalq etimad baxımından da əhəmiyyətlidir. Mədəni irs, humanitar məsələlər və beynəlxalq hüquq prinsipləri siyasi maraqlardan üstün tutulmalı, bütün dövlətlərə eyni meyarlarla yanaşılmalıdır. Yalnız obyektiv və qərəzsiz mövqe beynəlxalq institutların etibarlılığına xidmət edə bilər”.

Millət vəkili vətəndaşlarımızı bu məsələnin daim gündəmdə saxlanılmasına çağırıb:

“Yeri gəlmişkən, bu məsələdə cəmiyyətin hər bir üzvü fəallıq və həssaslıq nümayiş etdirməlidir. Özünü “bloger” adlandıran bəzi antimilli dairələr sosial şəbəkələrdə Azərbaycan haqqında qərəzli və neqativ məzmun yaymaqdansa, işğal dövründə Qarabağda tarixi-mədəni abidələrə vurulmuş ziyanın araşdırılması üçün UNESCO-nu obyektiv monitorinq missiyası göndərməyə çağırmalıdırlar. Təəssüf ki, onların bir qismi platformalarından bu kimi məsələlərə diqqət çəkmək əvəzinə, Azərbaycana qarşı ittihamlar və tənqidi məzmun yaymağa üstünlük verir. Bu yolverilməzdir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər