Karqo, yoxsa satıcı? - İtən bağlamaya görə hüquqi məsuliyyət kimə aiddir?
Onlayn sifarişlərin artması ilə birlikdə çatdırılma ilə bağlı şikayətlər də çoxalır. Kiminsə bağlaması itir, kiminsə məhsulu zədəli olur, bəzən isə sifariş ümumiyyətlə ünvana çatmır. Belə hallarda karqo şirkəti məsuliyyəti onlayn alış-veriş platformasının üzərinə atır, platforma isə karqonu günahlandırır.
Bəs qanun qarşısında cavabdeh kimdir və vətəndaş kompensasiyanı kimdən tələb etməlidir?
Patrul.az onlayn alış-veriş zamanı məhsulun itməsi, zədələnməsi və ya alıcıya çatdırılmaması hallarında hüquqi məsuliyyətin kimə aid olması ilə bağlı hüquqşünas Elnur Məmmədovun fikirlərini öyrənib.
Hüquqşünas bildirib ki, onlayn alış-veriş zamanı istehlakçının hüquqi münasibəti ilk növbədə satıcı (və ya onlayn satış platforması satıcı qismində çıxış edirsə, həmin platforma) ilə yaranır:
“Çatdırılmanı həyata keçirən karqo şirkəti isə əksər hallarda satıcı ilə bağlanmış daşıma müqaviləsi əsasında xidmət göstərir. Buna görə də istehlakçı qarşısında məsuliyyətin müəyyən edilməsi konkret müqavilə münasibətlərindən asılı olsa da, ümumi hüquqi prinsip ondan ibarətdir ki, alıcı sifariş etdiyi malı lazımi vəziyyətdə və razılaşdırılmış ünvanda təhvil almaq hüququna malikdir”.
E.Məmmədovun sözlərinə görə, əgər məhsul alıcıya ümumiyyətlə çatdırılmayıb, daşınma zamanı itib və ya zədələnibsə, istehlakçı ilk növbədə malın satıcısına və ya sifarişi qəbul etmiş platformaya müraciət edə bilər:
“Satıcı istehlakçının qarşısında öhdəliyin icrasına görə cavabdehdir və sonradan dəymiş zərərin əvəzinin karqo şirkətindən tutulması onların öz aralarındakı hüquqi münasibətin predmetidir. Elektron ticarət haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, elektron ticarət sahəsində qanunvericiliyin pozulmasına görə təqsirli şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar, satıcı isə alıcıya təqdim etdiyi məlumatlara və öhdəliklərinə görə məsuliyyət daşıyır”.
Müsahibimiz əlavə edib ki, digər tərəfdən, əgər vətəndaş karqo şirkəti ilə birbaşa çatdırılma müqaviləsi bağlayıb və xidmət haqqını özü ödəyibsə, bu halda daşınma zamanı bağlamanın itməsi, zədələnməsi və ya təyinat yerinə çatdırılmamasına görə karqo şirkəti də birbaşa məsuliyyət daşıya bilər:
“Belə hallarda kompensasiya tələbi birbaşa daşıyıcıya qarşı irəli sürülə bilər.
Hüquqşünas qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə istehlakçının əsas hüquqlarından biri ona vurulmuş zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququdur. Bu zərərə məhsulun dəyəri, ödənilmiş çatdırılma haqqı və qanunvericilikdə nəzərdə tutulan digər itkilər daxil ola bilər.
Praktik baxımdan vətəndaşa tövsiyə olunur ki, ilk növbədə sifarişi qəbul edən satıcıya və ya platformaya yazılı qaydada müraciət etsin, sifariş sənədlərini, ödəniş qəbzlərini, izləmə məlumatlarını və məhsul zədəlidirsə foto-videoları təqdim etsin. Tələb təmin edilmədikdə istehlakçı aidiyyəti dövlət orqanına şikayət vermək və ya məhkəmə qaydasında dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir”.
Ləman Sərraf






