"AZAL təyyarəsinin qəzaya uğrama səbəbləri arasında Ukrayna PUA-larının səmada olması da var" - Putin
Xəbər verdiyimiz kimi, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutub.
Patrulaz.az “TASS”a istinadla xəbər verir ki, liderlər arasındakı görüş Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə AZAL-a məxsus təyyarənin qəzaya uğraması bağlı müzakirələrin aparılması ilə başlayıb.
Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsi ilə bağlı faciənin Rusiya səmasında baş verməsinə görə üzrünü xatırladıb və qeyd edib ki, razılaşmalara əsasən Rusiya tərəfi istintaqa hər cür dəstək göstərir. Rusiya liderinin sözlərinə görə, qəzanın baş verməsində səma üzərində Ukrayna pilotsuz uçuş aparatının (dron) rolu da olub:
“AZAL təyyarəsinin qəzasının səbəbləri arasında səma üzərində ukraynalı pilotsuz uçuş aparatının olması da var. Rusiya Hava Hücumundan Müdafiə sistemi tərəfindən atılan iki raket birbaşa AZAL təyyarəsini vurmayıb, bir neçə metr aralıda partlayıb” – deyə Putin bildirib.
Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib ki, AZAL təyyarəsinin heyətinə Mahaçqalada enmək təklif olunub, lakin onlar öz hava limanlarına qayıtmağı seçiblər:
“AZAL-ın uçuş heyətindən Mahaçqalaya eniş tələb olunub, lakin onlar öz hava limanına getmək qərarına gəlib”.
Putin həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə bildirib ki, təyyarə qəzası ilə bağlı vəziyyəti tamamilə həll etmək üçün vaxt lazımdır:
“Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək. Rusiya AZAL təyyarəsinin qəzaya uğraması kimi belə faciəvi hallarda tələb olunan hər şeyi edəcək”, – deyə Rusiya lideri əlavə edib.







