media-inshot_20260211_121359045

Ali təhsil müəssisələrində təqaüd sistemi kağız üzərində tələbəni oxumağa həvəsləndirən, onu daha məsuliyyətli və məqsədyönlü edən mexanizm kimi təqdim olunur. Ancaq tədris ili irəlilədikcə mənzərə dəyişir: birinci semestrdə təqaüd alan tələbələrin bir qismi ikinci semestrdə bu imkandan kənarda qalır. Bu azalma təkcə akademik göstəricilərlə bağlı deyil, eyni zamanda sistemin özü, qiymətləndirmə meyarları, psixoloji təzyiq və motivasiya faktorları ilə də əlaqəlidir.

Maraqlıdır, təqaüd alan tələbələrin sayındakı bu fərqlərə hansı amillər təsir göstərir və mövcud təqaüd sistemində tələbələrin oxuma həvəsini və motivasiyasını artırmaq üçün hansı yeniliklər tətbiq oluna bilər?

Patrul.az mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

O bildirib ki, ali təhsil müəssisələrində verilən təqaüd tələbələrin motivasiyasının artması, sağlam rəqabətə can atması mənasında mühüm əhəmiyyət kəsb edir:

“Təqaüdün davamlı olması üçün onlar akademik nəticələrinin yüksək olmasına çalışmalıdır.

Bəzi hallarda tələbələr hər hansı bir fənnə qeyri-ciddi hazırlaşdıqda onların nəticəsi aşağı olur və təqaüd almaq imkanları da azalır. Təhsil müəssisələrimizdə yalnız dövlət tərəfindən təyin olunan adi, zərbəçi, əlaçı təqaüdləri deyil, prezident təqaüdü, müxtəlif şəxslər adına təyin olunan təqaüdlər də var. Bunlardan hansısa birinin əldə olunması tələbələrin daha çox rəqabət aparması ilə nəticələnir ki, bu da onların akademik göstəricilərinin yüksək olmasına gətirib çıxarır”.

media-img-20260112-wa0034

E.Əfəndinin sözlərinə görə, bu motivasiyanı artırmaq üçün təhsil müəssisələri tərəfindən müvafiq təbliğat xarakterli, maarifləndirici danışıqlar aparılmalı, təqaüd alan tələbələrlə görüş təşkil edilməlidir:

“Əgər ilk semestrdə təqaüd alıb, ikinci semestrdə bundan faydalana bilməyən tələbələr varsa, onlara mane olan səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır. Ola bilər ki, hansınınsa ideal hazırlıq imkanı olmayıb və ya müəyyən vəsaiti əldə edə bilməyib. Belə olduğu halda universitetlərin özləri tələbələrin akademik göstəricilərinin artırılması istiqamətində dəstək göstərməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər