Epşteynin dəbdəbəli təyyarəsi illər sonra bu vəziyyətdə tapıldı - Dəhşətli mənzərə
Adı uşaqlara qarşı zorakılıq və digər qalmaqallarla hallanan amerikalı mərhum milyarder Ceffri Epşteynin şəxsi təyyarəsi tapılıb.
Patrul.az bəzi mənbələrin yaydığı məlumatlara əsasən xəbər verir ki, “Lolita Express” adlı şəxsi təyyarə ABŞ-nin Corciya ştatında qəbiristanlıqlardan birinin yaxınlığında aşkarlanıb.
Uzun müddət istifadəsiz qalan və tərk edilən təyyarə paslanmış, çürümüş və həşəratlarla dolu vəziyyətdə tapılıb. İçəridə çəkilən görüntülərdə salonun kif və toz səbəbindən yararsız hala düşdüyü, köhnəlmiş oturacaqlar və şəxsi əşyalarla dolu olduğu görünür.
Mühərrikləri çıxarılan təyyarə artıq uçuşa yararlı deyil. Bir vaxtlar dəbdəbəli interyeri ilə seçilən hava nəqliyyat vasitəsi hazırda sınmış şüşələr və dağıntılarla əhatə olunmuş vəziyyətdədir.
Aparılan ekspertiza zamanı təyyarənin içindəki bəzi əşyaların Epşteynin cinayətləri ilə bağlı sübut ola biləcəyi bildirilir.
Şahid ifadələrinə görə, bu təyyarə zorakılıq qurbanlarını və bəzi nüfuzlu şəxsləri daşımaq üçün istifadə edilib.
Məlumata görə, təyyarənin son uçuşu 2016-cı ildə həyata keçirilib.
Qeyd edək ki, Epşteyn 1953-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub və uzun illər maliyyəçi və investor kimi fəaliyyət göstərib. Daha sonra onun azyaşlılara qarşı cinsi zorakılıq, insan alveri və fahişəlik şəbəkəsi yaratmaq kimi ağır cinayətlərdə ittiham edildiyi üzə çıxıb.
2019-cu ildə ikinci dəfə həbs olunan Epşteyn həmin il həbsxanada vəfat edib. Hazırda isə onun işi ilə bağlı açılan sənədlərdə yeni və gözlənilməz faktlar ortaya çıxmaqda davam edir.

Gülbəniz Səfərova






