media-de974f01-00d6-4934-b9bd-6834ef4d6737

Ermənistanın konstitusiya sistemi son illərdə dərin siyasi böhranların və xalq etimadının ciddi şəkildə sarsıldığı bir mərhələdən keçir. Ölkədə indiyə qədər keçirilmiş konstitusiya dəyişikliklərinə dair referendumların heç biri cəmiyyətin real iradəsini əks etdirməyib. Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan da təsdiqləyərək bildirib ki, məhz bu səbəbdən cəmiyyətlə qanunçuluq arasında ciddi bir uçurum yaranıb. Onun sözlərinə görə, bu uçurum Ermənistanın demokratik institutlarının zəifləməsinə, hüquqi sabitliyin sarsılmasına və idarəetmədə etimad böhranına səbəb olub.
Azərbaycan üçün isə bu proseslərin əhəmiyyəti böyükdür. Ermənistanın hüquqi sistemindəki qeyri-sabitlik və qeyri-müəyyənlik Azərbaycanla aparılan danışıqlara və sülh proseslərinə də təsirsiz ötüşmür. Ermənistan konstitusiyasının mövcud vəziyyəti, Nikol Paşinyanın bu istiqamətdə atacağı addımlar və bunun Azərbaycana olacaq təsirləri barədə politoloq Sultan Zahidov Patrulaz.az-a öz fikirlərini bölüşdü:

“Hazırda Ermənistanın preambulasında ölkənin 1990-cı ildə qəbul etdiyi suverenlik bəyanatına istinad var. Orada da açıq-aşkar şəkildə Qarabağın Ermənistana birləşdirilməsi məsələsi üzrə Azərbaycanın ərazi bütövlüyünə qəsd yer alır. Bu, sözsüz ki, iki ölkə arasında davamlı sülhün həll olunmasında ciddi bir maneədir. Baxmayaraq ki, hər iki ölkə arasında sülh müqaviləsinin mətni üzərində danışıqlar yekunlaşıb. Sazişin imzalanması və davamlı sülhün təmin olunması üçün Azərbaycanın haqlı şəkildə irəli sürdüyü iki şərtdən biri də, məhz Ermənistan konstitusiyasında dəyişikliyin baş verməsidir. Ermənistanda bununla bağlı Konstitusiya Komissiyası yaradılıb. Paşinyan və digər rəsmilərin açıqlamalarına görə, konstitusiya dəyişikliyi ilə bağlı referendum 2026-ci ildən tez olmayacaqdır. Əgər bu baş verərsə, konstitusiya dəyişiklikləri 2027-ci ildə qüvvəyə minəcəkdir. Bu da sözsüz ki, prosesin ləngiməsinə gətirib çıxaran bir faktordur”.

media-df165e77-dd0e-4ad9-9803-eaaa174164ef
Politoloq bir çox nümunə çəkərək xüsusi olaraq vurğulayır ki, Ermənistanın verdiyi vədlərə bel bağlamaq olmaz:

“Digər tərəfdən Nikol Paşinyan son açıqlamalarında konstitusiya dəyişikliyinin mütləq olduğunu, hətta Ermənistanın müstəqillik bəyanatına istinadın preambuladan götürülməli olduğunu da qeyd etdi. Bu vəziyyət belə bir təəssürat yarada bilər ki, Paşinyan konstitusiya dəyişikliyində maraqlıdır. Amma Azərbaycan heç vaxt Ermənistan hərbi-siyasi rəhbərliyinin vədlərinə bel bağlamayıb. Ona görə ki, Ermənistan verdiyi sözlərin bir çoxunu yerinə yetirməyib. Xatırladaq ki, üçtərəfli bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin bərpası nəzərdə tutulsa da, bu bənd bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilməyib. Həmçinin Paşinyan ikinci Qarabağ müharibəsindən əvvəl Azərbaycana qarşı faşist fikirlər irəli sürürdü. Belə olduğu halda, bizdə Ermənistan rəhbərliyinə güvən ola bilməz”.

S. Zahidov bildirir ki, Ermənistanda revanşist meyillərin güclənməsi və silahlanmanın artması regionda yeni gərginlik riskini artırır. Onun fikrincə, Paşinyan Qərbə inteqrasiya məqsədilə sülh imici yaratmağa çalışsa da, real addımlar bu görüntünü dəstəkləmir. Politoloq qeyd edir ki, əgər Ermənistan sülhə həqiqətən sadiq olsaydı, sərhəddə istehkam işləri aparmaz, Fransa və Hindistandan silah almaz, həm də ATƏT-in Minsk qrupunun ləğvinə açıq şəkildə dəstək verərdi:

“Başqa bir faktda ondan ibarətdir ki, Ermənistanda revanşizm də getdikcə baş qaldırır. İrəvan intensiv şəkildə silahlanır. Bu vəziyyət revanşist meyillərlə birlikdə nəzərdən keçirildikdə, regionda yeni münaqişə ocağının yaranmasına səbəb ola biləcək bir amil kimi çıxış edir. Aydın məsələdir ki, Paşinyan Rusiyadan uzaqlaşmaq siyasəti fonunda Qərbə inteqrasiya prosesinin sürətləndirməyə çalışır. Bunun üçün Paşinyana Türkiyə ilə sərhədlərin açılması vacibdir. Ona görə də, elə bir imic formalaşdırmağa çalışır ki, güya sülhə maraqlıdır və Azərbaycanla prosesin yekunlaşmasına çalışır. Amma həqiqət bunun əksini göstərir. Paşinyan və onun hökümətində passiv revanşizm meyilləri özünü göstərməkdədir. Əgər belə olmasa idi, Ermənistan Azərbaycanla şərti sərhəddə intensiv şəkildə mühəndis-istehkam tədbirləri həyata keçirməz, Fransa və Hindistandan silahlar almazdı. Digər tərəfdən də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın haqlı şəkildə irəli sürdüyü şərt də yerinə yetirilmiş olardı. Bunlara əsasən də, düşünürəm ki, Paşinyanın bu bəyanatları beynəlxalq və daxili auditoriyanın nəbzini ölçməyə söykənib və bu islahatların həyata keçiriləcəyi anlamını vermir. Azərbaycan sözsüz ki, öz milli-maraqlarına əsaslanan prinsipial mövqedən çıxış edir. O cümlədən, ölkəmiz davamlı sülhün regionda olması üçün maraqlı tərəfdir. Çünki ilk sülh təklifini Azərbaycan irəli sürmüşdü. Amma sözsüz ki, top Ermənistan tərəfdədir və İrəvan sülhün əldə olunması üçün konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi şərtini yerinə yetirməlidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər