media-_116094863_gettyimages-1229954344-594x594-jpg

“Şübhəsiz ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi və regional mövqeyi baxımından kritik əhəmiyyətə malikdir və bu seçkilərin nəticəsini bir neçə amil müəyyən edəcək deyə bilərik. Bunlar daxili siyasət, iqtisadi vəziyyət, sosial məsələlər və geosiyasi kontekstdir”.

Bu fikirləri politoloq Rəşad Bayramov Patrul.az-a Ermənistanda keçiriləcək parlament seçkilərinin taleyi barədə şərh edərkən səsləndirib.

İlk olaraq daxili siyasi amillərə nəzər salan müsahibimiz bildirib ki, Ermənistanın siyasi səhnəsi son illərdə kifayət qədər dinamik və parçalanmışdır:

“Hazırkı hakim partiya olan Vətəndaş Müqaviləsi Partiyası Nikol Paşinyanın liderliyi altında fəaliyyət göstərir və onun performansı seçicilər üçün əsas göstərici rolunu oynayır. Müxalifət isə pərakəndədir və vahid lider ətrafında birləşə bilməyib. Üstəlik əsas müxalif qüvvələr Rusiyaya bağlı qüvvələrdir və əsas revanşist mövqedən çıxış edirlər. Köçəryanın mənfi obrazı, Samvel Karapetyanın ikili vətəndaşlıq səbəbilə namizəd ola bilməməsi bu mənada hakim partiyanın mövqelərini gücləndirir.

İkincisi, iqtisadi amillərdir ki, bu da seçkilərin nəticələrində mühüm rol oynayır. Paşinyanın hakimiyyət dövrünü əvvəlki dövrlərlə müqayisə etdikdə görürük ki, onun baş nazirliyi dövründə Ermənistan daha güclü iqtisadi göstəricələrə çata bilib. Təbii ki, işsizlik, qiymət artımı və s. problemlər də var. Amma o da var ki, Paşinyan hakimiyyəti Köçəryan və onun komandası qədər korrupsiyalaşmış hakimiyyət deyil. Eyni zamanda, xarici investisiyalar, regionda ticarət və nəqliyyat əlaqələri seçicilər üçün əlavə meyar rolunu oynaya bilər”.

media-img-20260605-wa0063

R.Bayramovun sözlərinə görə, Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin təhlükəsizlik narahatlıqları da seçicilərin prioritetlərinə təsir göstərəcək:

“Hazırda müşahidə olunan odur ki, Paşinyan və hakim partiya bu məsələlərdə öz mövqelərini müdafiə edərək, seçicilərə “təhlükəsizliyi qoruyan” obraz təqdim etməyə çalışırlar. Paşinyanın seçkiöncəsi açıqlamaları, həmçinin Qarabağ münaqişəsi, Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlı mövqeyi, onun liderlik imicini gücləndirmək və seçicilərdə sülh siyasətini idarə edən lider təsiri yaratmaq üçün nəzərdə tutulub. Müxalifətin revanşist mövqedən çıxış etməsi də bu mənada Paşinyanın maraqlarına cavab verir. Çünki Paşinyan bununla müxalif hakimiyyətə gələrsə müharibə olacaq təbliğatı aparmaq imkanı əldə edir. Yeni müharibəni isə təbii olaraq geniş seçici kütləsi qəbul etmir.

Ən nəhayət seçkilərin nəticələrinə geosiyasi və beynəlxalq faktorlar da təsir edir. Ermənistan uzun illər Rusiya ilə strateji tərəfdaşlıq və Qərblə diplomatik balans siyasəti aparıb”.

Politoloq son olaraq əlavə edib ki, seçkilərin nəticələri həmçinin Rusiya-Ermənistan və Ermənistan-Qərb münasibətlərindəki gərginlik və ya yaxınlaşmanı əks etdirə bilər:

“Seçicilər beynəlxalq münasibətlərdə Ermənistanın mövqeyinə, təhlükəsizlik təminatına və regionda strateji sabitliyə əhəmiyyət verirlər. Üstəlik Qərbə inteqrasiyanın yaradacağı imkanlar – vizasız gediş gəliş, avropa bazarlarına çıxış imkanı və s. də seçicilər üçün cəlbedici görünür.

Odur ki, Ermənistan parlament seçkilərinin taleyini müəyyən edəcək amillər çoxşaxəlidir deyə bilərik və bu amillərin bir çoxu hakim komandanın seçkilərin favoriti olduğunu göstərir”.

Ləman Sərraf


Bənzər xəbərlər