Kimlər bankların “qara siyahı”sına düşür? - İQTİSADÇI AÇIQLADI
Bu gün demək olar ki, hər kəsin yolu ən az bir dəfə bankdan keçir. Kimisi kredit götürmək, kimisi ev və ya avtomobil almaq, kimisi isə gündəlik ehtiyaclarını qarşılamaq üçün bank xidmətlərindən istifadə edir. Bəzən isə vətəndaşlar səbəbini anlamadan kredit imtinası ilə qarşılaşırlar. Ən çox maraq doğuran məsələlərdən biri də budur ki, banklar əsasən kimlərə kredit vermir və hansı səbəblərə görə bəzi şəxslər “qara siyahı”ya düşür?
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Patrul.az-a açıqlamasında qeyd edib ki, hazırda banklar kredit qərarlarını əvvəlki illərlə müqayisədə daha çox risk əsaslı yanaşma ilə qəbul edirlər:
“Yəni kreditin verilib-verilməməsi təkcə vətəndaşın gəlir səviyyəsindən deyil, həm də onun maliyyə davranışlarından, kredit tarixçəsindən və mövcud öhdəliklərindən asılıdır. İctimaiyyətdə tez-tez işlədilən “qara siyahı” anlayışı əslində rəsmi hüquqi termin deyil. Praktikada söhbət daha çox mənfi kredit tarixçəsindən gedir. Banklar kredit müraciətini qiymətləndirərkən vətəndaşın əvvəlki kreditlərini vaxtında ödəyib-ödəmədiyinə, gecikmələrinin olub-olmamasına və ümumi borc yükünə diqqət yetirirlər”.
İqtisadçı, bankların kredit verməkdən imtina etdiyi əsas hallardan birinin məhz uzunmüddətli və ya təkrarlanan ödəniş gecikmələri olduğunu bildirib:
“Əgər şəxs əvvəlki kreditləri üzrə öhdəliklərini vaxtında yerinə yetirməyibsə, bu, gələcəkdə yeni kredit almaq imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Digər vacib amil rəsmi gəlirlərin yetərsiz olmasıdır. Bank kredit verərkən əmin olmaq istəyir ki, müştərinin aylıq gəliri həm gündəlik xərclərini, həm də kredit ödənişlərini qarşılamağa imkan verir. Gəlirin aşağı olması və ya qeyri-rəsmi xarakter daşıması kredit riskini artırdığı üçün imtina səbəbinə çevrilə bilər. Bundan əlavə, mövcud borc yükünün yüksək olması da mühüm rol oynayır. Vətəndaşın bir neçə aktiv krediti varsa və aylıq ödənişləri gəlirinin böyük hissəsini təşkil edirsə, bank yeni kredit verməkdə ehtiyatlı davranır. Çünki bu halda ödəniş qabiliyyətinin zəifləməsi riski artır. Bəzi hallarda kredit müraciətində təqdim edilən məlumatlarla rəsmi məlumat bazalarındakı məlumatlar arasında uyğunsuzluq aşkarlanır. İş yeri, gəlir səviyyəsi və ya digər maliyyə göstəriciləri ilə bağlı ziddiyyətlər də mənfi qərarla nəticələnə bilər”.
Müsahibimiz əlavə edib ki, kredit imtinası alan hər bir şəxs daimi olaraq “qara siyahı”ya düşmüş hesab edilmir:
“Kredit tarixçəsi zamanla yaxşılaşdırıla bilər. Mövcud borcların vaxtında ödənilməsi, gecikmələrin aradan qaldırılması və maliyyə intizamının qorunması gələcək kredit müraciətlərinin müsbət qiymətləndirilməsi ehtimalını artırır. Ümumilikdə, bankların əsas məqsədi kredit verməmək deyil, verilən kreditlərin geri qaytarılmasını təmin etməkdir. Buna görə də kredit qərarları müştərinin maliyyə vəziyyəti, kredit tarixçəsi və risk göstəriciləri əsasında formalaşdırılır. Bankın imtina qərarı isə əksər hallarda vətəndaşın maliyyə etibarlılığı ilə bağlı risklərin yüksək qiymətləndirilməsi ilə əlaqədar olur”.
Ləman Sərraf






