"Əsl mömin başqa qadının bədənini, geyimini təftiş etməməlidir" - İlahiyyatçıdan REAKSİYA
Abşeron rayonunda, Masazır qəsəbəsində, sakinlərin sıx olduğu yaşayış kompleksinin yaxınlığında gənc qadın döyülüb. 26 yaşlı Tural marketin qarşısında tanımadığı qadına geyiminə görə irad bildirərək mübahisə yaradıb.
Sözlü mübahisə qısa müddətdə fiziki zorakılığa çevrilib. Təqsirləndirilən şəxs qadını təhqir edərək ona bədən xəsarətləri yetirib, saçından tutub yerə yıxaraq zərbələr endirib.
Həmin gənc dindar olduğunu və təxminən 10 ildir ki, dinlə məşğul olduğunu bildirib.
Din adı altında başqasının geyiminə qarışıb, ona psixoloji və ya fiziki şiddət göstərmək nə dərəcədə doğrudur? Din belə bir halı qəbul edirmi?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan bildirib ki, dinə riayət edən adam gərək öz davranışı, əxlaqı ilə ictimaiyyətə nümunə olsun:
“Dindar şəxs səbrli, təmkinli, yumşaq xasiyyətli və nəsihətverən olmalıdır. Amma yanlış gördüyü mənzərələr qarşısında əsla şiddət göstərə bilməz. Biz dünyəvi dövlətik, teokratik deyil. Hər kəs sərbəst şəkildə istədiyi üsulda geyinə bilər. Dinə riayət edən xanımlar var ki, başlarını bağlayırlar yaxud müasir xanımlar var ki, nisbətən dəbə uyğun geyinirlər. Belə şəxslərin heç birinə müdaxilə etmək olmaz. Xüsusən küçədə, ictimai yerdə qadına şiddət göstərmək dinə uyğun deyil. Din nəsihətdir, şiddət yox”.

İlahiyyatçı təəssüf hissi ilə qeyd edib ki, vaxtilə müəyyən boşluqlardan istifadə edərək gedib xaricdə kənar din modellərini, din pərdəsi altında məzhəbçiliyə, radikalizmə meylli bəziləri gəlib ölkəmizdə təbliğat apararaq müəyyən təbəqəni yanlış maarifləndirdilər:
“Din əvəzinə xurafat, mənəviyyat yerinə mövhumat, ədəb – əxlaq yerinə nifaq yaydılar. Beləcə İslam dininin mahiyyəti zəiflədi, onun yerini din adı altında yayılan dini cəhalət və xurafat tutdu. Hələ də müəyyən təsirdən çıxa bilməyənlər var. Lakin ölkədə İlahiyyat İnstitutu yaradıldı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sağlam din xadimləri yetişdirmək uğrunda səfərbər oldu. Hazırda milli düşüncədə, dünyəvi dövlətdə dini fəaliyyətin qaydalarını öyrənən, dünyəvi elmlərə maraqlı gənclər dini təhsil alır və sağlam fəaliyyət göstərirlər. İnanıram ki, getdikcə yad təsirlərdə olan, xarici din modellərinə meylli azlıq da islah olacaqdır. Bütün hallarda din şiddəti, başqasının işinə qarışmağı rədd edir. Əgər qarışmaq lazımdırsa ona fərdi şəxslər yox, aidiyyəti dövlət qurumu qarışmalıdır. Yolda, küçədə dini bəhanə edib kiminsə geyiminə irad tutmaq, yaxud onu təhqir edib şiddət göstərmək dini hörmətdən salmaq, İslam dəyərlərini qəddar formada təqdim etməyə cəhddir. Bu gün dünyada öz dinini kamil şəkildə yaşayan çoxsaylı müsəlman bizdən daha müasir, daha açıq-saçıq ölkələrdə yaşayır. Heç kəs heç kəsin işinə qarışmır”.
Tural İrfan sözlərinə davam edərək vurğulayıb ki, əsl mömin başqa qadının bədənini, geyimini təftiş etməməlidir:
“Əgər kimsə müəyyən səbəbdən həddən artıq milli, mədəni ənənələrə zidd olaraq yarıçılpaq gəzirsə onu da yoluna qoymağın mədəni yolları var. Xoş dillə, böyükləri, ailəsi vasitəsi ilə nəsihət etmək olar. Dindar özünü elə aparmalıdır ki, digər insanlar ondan həya edib ona hörmət etsinlər. Nəsihətini dinləsinlər. Dinlə məşğul olduğunu deyən adam inancsız yaxud müasir geyinən adamlara şiddət gösrərirsə onun məşğul olduğu din ola bilməz. Demək ki, din adı sadəcə burada əsl mahiyyəti pərdələmək üçün çətir rolunda istifadə olunub”.
Ləman Sərraf






