media-inshot_20260428_165842503

Gələn ildən buraxılış imtahanlarında esse yazısının tətbiqi planlaşdırılır. Bu yenilik şagirdlərin təkcə test biliklərini deyil, həm də fikirlərini ardıcıl və yazılı şəkildə ifadə etmə bacarıqlarını qiymətləndirməyi nəzərdə tutur. Lakin bəzi valideyn və şagirdlər hesab edirlər ki, bu dəyişiklik yazı bacarığı zəif olanlar üçün əlavə çətinlik yarada bilər.

Bəs, esse mərhələsinin əlavə olunması şagirdlərin ümumi nəticələrinə necə təsir edəcək və məktəblər bu sistemə nə dərəcədə hazırdır?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, esse mərhələsinin əlavə olunması vacib addım olsa da, qiymətləndirmədə çətinliklər və nəticələrin gecikməsi kimi problemlər yarada bilər:

“Buraxılış imtahanlarına esse mərhələsinin əlavə edilməsi ideya olaraq təqdirəlayiqdir,Esse mərhələsinin əlavə olunması vacib addım olsa da, qiymətləndirmədə çətinliklər və nəticələrin gecikməsi kimi problemlər yarada bilər.

lakin tətbiq baxımından ciddi suallar doğurur. Biz illərdir şagirdlərin sadəcə test yaddaşı ilə böyüməsindən, öz fikirlərini ifadə edə bilməmələrindən şikayətlənirdik. Bu mənada, essenin gətirilməsi təhsilin məzmunca yenilənməsi üçün vacib bir addımdır. Amma hər bir islahatın uğuru onun nə dərəcədə vaxtında və hazırlıqlı atılmasından asılıdır.

Bu gün valideynlərin ən böyük narahatlığı imtahan nəticələrinin açıqlanma müddətidir. Biz bilirik ki, mövcud sistemdə buraxılış imtahanlarının nəticələri onsuz da 6-7 həftəyə qədər uzanırdı. İndi on minlərlə şagirdin yazı işinin subyektivlikdən kənar, obyektiv və peşəkar şəkildə yoxlanılması bu müddəti daha da uzada bilər. Bu isə həm şagirdlər, həm də ali məktəbə hazırlaşan abituriyentlər üçün əlavə psixoloji gərginlik və zaman itkisidir”.

media-img-20260409-wa0033

Ə.Həsənli qeyd edir ki, məktəblər və müəllimlər esse qiymətləndirməsinə tam hazır olmadığından, bu yenilik şagirdlər üçün gözlənilməz çətinliklər yaradaraq nəticələrə mənfi təsir göstərə bilər:

“Digər tərəfdən, məktəblərimiz bu keçidə nə dərəcədə hazırdır? Xüsusilə xarici dil dərslərində hələ də “oxu-tərcümə” metodundan tam çıxa bilməmişiksə, müəllimlərimiz esse qiymətləndirmə meyarları ilə tam tanış deyillərsə, bu yenilik şagirdlər üçün bir “sürpriz” effektinə çevrilə bilər. Məktəbdə kifayət qədər təcrübə edilməyən bir metodun birbaşa imtahanda tətbiqi nəticələrin süni şəkildə aşağı düşməsinə səbəb ola bilər”.

Təhsil ekspertinin fikrincə, esse vacibdir, lakin onun tətbiqi mərhələli və daha hazırlıqlı şəkildə aparılmalı, şagirdləri yormadan onların potensialını ortaya çıxarmalıdır:

“Mənim mövqeyim budur: Esse lazımdır, amma bu keçid daha təkamülvari və mərhələli olmalı idi. Bəlkə də ilk il bu nəticələr ümumi bala təsir etməyən sınaq xarakteri daşımalı, yaxud qiymətləndirmə mexanizmi tam rəqəmsallaşdırılmalıdır ki, şəffaflıq və sürət təmin olunsun. İslahat şagirdi yormamalı, əksinə, ona öz potensialını göstərmək üçün sağlam bir platforma təqdim etməlidir. Biz prosesin gedişatını izləməli və lazım gələrsə, tətbiq mexanizminə yenidən baxmalıyıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər