media-inshot_20260401_191214872

Son illərdə estetik əməliyyatlara marağın artması ilə yanaşı, bu müdaxilələrin nəticələri ilə bağlı narazılıqlar da daha çox müzakirə olunmağa başlayıb. Bəzi hallarda pasiyentlər gözlədikləri nəticəni əldə etmədiklərini bildirir, bu isə həm tibbi, həm də hüquqi baxımdan bir sıra suallar yaradır. Xüsusilə əməliyyat öncəsi verilən vədlərlə real nəticə arasında fərq olduqda, məsələ daha da aktuallaşır.

Belə vəziyyətlərdə pasiyentin hansı hüquqları var və nəticədən narazı qaldıqda həkimi məhkəməyə vermək mümkündürmü?

Bu barədə vəkil, AKHA-nın Tibb hüququ komitəsinin sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, estetik əməliyyatlarda hüquqi məsuliyyət yalnız nəticədən narazılığa görə deyil, həkimin səhlənkarlığı, düzgün məlumatlandırmaması və tibbi standartları pozması sübuta yetirildikdə yaranır:

“Estetik cərrahiyyə müasir tibbi hüquqda klassik müalicəvi müdaxilələrdən fərqli hüquqi rejimə malik olan xüsusi sahə kimi qiymətləndirilir. Bu fərqləndirmə ilk növbədə həmin müdaxilələrin tibbi zərurətdən deyil, estetik gözləntilərdən irəli gəlməsi ilə bağlıdır. Müalicəvi tibbdə həkimin öhdəliyi əsasən “lazımi səylərin göstərilməsi” ilə məhdudlaşdığı halda, estetik əməliyyatlarda pasiyentin gözləntiləri, əməliyyatdan əvvəl verilən məlumatlar və bəzən dolayı formada ifadə olunan nəticə vədləri hüquqi qiymətləndirmənin mərkəzinə keçir. Bu səbəbdən estetik müdaxilələrin nəticəsi qənaətbəxş olmadıqda məsələ yalnız tibbi uğursuzluq kimi deyil, həm də müqavilə öhdəliklərinin icrası, düzgün məlumatlandırma prinsiplərinin qorunması və peşə davranış standartlarına əməl edilib-edilməməsi prizmasından kompleks şəkildə təhlil olunur. Pasiyentin hüquqları bu kontekstdə çoxşaxəli xarakter daşıyır və həm tibbi hüquq, həm də istehlakçı hüquqları sistemində öz əksini tapır. Bu hüquqların mərkəzində məlumatlandırılmış razılıq institutu dayanır. Həkim pasiyenti müdaxilənin mahiyyəti, potensial risklər, alternativ üsullar və mümkün nəticələr barədə aydın, dolğun və başa düşülən formada məlumatlandırmağa borcludur.

Məlumatlandırmanın formal xarakter daşıması, risklərin minimallaşdırılması və ya qeyri-real nəticələrin vəd edilməsi hüquqi baxımdan yolverilməzdir və mübahisə zamanı həkimin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilə bilər. Bundan əlavə, pasiyent keyfiyyətli və təhlükəsiz tibbi xidmət almaq, tibbi sənədlərə çıxış əldə etmək və sağlamlığına vurulmuş zərərin əvəzini tələb etmək hüququna malikdir. Estetik əməliyyatın nəticəsinin gözləntiləri qarşılamaması hər bir halda hüquqi məsuliyyətin yaranmasına səbəb olmur. Hüquqi məsuliyyətin müəyyən edilməsi üçün klassik delikt tərkibinin elementləri – hüquqazidd davranış (qüsur və ya səhlənkarlıq), zərərin mövcudluğu və həmin zərərlə davranış arasında səbəb-nəticə əlaqəsi sübuta yetirilməlidir. Subyektiv narazılıq və ya estetik nəticənin fərdi gözləntilərlə üst-üstə düşməməsi, əgər tibbi standartlara riayət olunubsa, adətən məsuliyyət üçün kifayət etmir. Lakin tibbi protokollardan kənara çıxma, texniki səhvlər, qeyri-adekvat metod seçimi və ya lazımi post-operativ nəzarətin təmin edilməməsi hallarında həkimin peşə səhlənkarlığı məsələsi gündəmə gəlir”.

media-inshot_20260401_190627907

R.Qaraşov qeyd edir ki, estetik cərrahiyyədə həkim tibbi protokolları pozarsa və bu pozuntu zərərə səbəb olarsa, pasiyent məhkəmə yolu ilə maddi və mənəvi təzminat tələb edə bilər:

“Tibbi protokolların pozulması estetik cərrahiyyə sahəsində hüquqi məsuliyyətin müəyyən edilməsində əsas meyarlardan biridir. Müasir tibbi praktikada hər bir müdaxilə üçün klinik rəhbərliklər və peşə standartları formalaşdırılmışdır və həkimin bu standartlara əməl etməsi onun peşə borcunun ayrılmaz hissəsidir. Sterillik qaydalarının pozulması, adekvat diaqnostikanın aparılmaması, pasiyentin fərdi xüsusiyyətlərinin nəzərə alınmaması və ya tibbi göstərişlərə uyğun olmayan müdaxilələrin həyata keçirilməsi hüquqi məsuliyyət yarada bilər. Bu məsuliyyət halların ağırlığından asılı olaraq mülki, inzibati və bəzi hallarda cinayət-hüquqi müstəvidə qiymətləndirilir.

Pasiyentin həkimi məhkəməyə vermək hüququ həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarında tanınmış fundamental müdafiə mexanizmidir. Bu kateqoriyadan olan mübahisələrdə əsas sübut vasitəsi kimi müstəqil tibbi ekspertiza çıxış edir. Ekspert rəyi vasitəsilə həkimin davranışının mövcud tibbi standartlara uyğunluğu, mümkün pozuntular və zərərin yaranma səbəbləri müəyyən edilir. Əgər hüquqazidd hərəkət və zərər arasında səbəb əlaqəsi təsdiq olunarsa, pasiyent maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər.

Maddi zərərə müalicə və reabilitasiya xərcləri, təkrar müdaxilə ehtiyacı və gəlir itkisi daxil olduğu halda, mənəvi zərər psixoloji əziyyət və həyat keyfiyyətinin pisləşməsi ilə bağlı qiymətləndirilir. Beynəlxalq təcrübə göstərir ki, estetik cərrahiyyə sahəsində hüquqi yanaşmalar müxtəlif hüquq sistemlərində fərqli akseptlərə malik olsa da, ümumi prinsiplər oxşardır. Avropa hüququnda, xüsusilə Fransada, müəyyən hallarda estetik müdaxilələrə münasibətdə nəticə öhdəliyinə yaxın yanaşma tətbiq olunur. Anglo-sakson hüquq sistemində, xüsusilə ABŞ-də, tibbi səhlənkarlıq iddiaları geniş yayılmışdır və burada ekspert sübutlarının rolu həlledicidir. Böyük Britaniyada tətbiq olunan yanaşma isə həkimin davranışını eyni sahədə fəaliyyət göstərən digər mütəxəssislərin qəbul olunmuş praktikası ilə müqayisə etməyə əsaslanır”.

Vəkilin sözlərinə görə, estetik tibbi xidmət keyfiyyətsiz göstərilərsə və ya pasiyent yanlış məlumatlandırılarsa, zərər sübuta yetirildiyi halda həkim hüquqi məsuliyyət daşıyır:

“Estetik tibbi xidmətlərin istehlakçı hüquqları kontekstində qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu halda tibbi xidmət eyni zamanda mülki-hüquqi müqavilə predmeti kimi çıxış edir və xidmətin keyfiyyətsiz göstərilməsi, aldadıcı reklam və ya yanlış kommersiya vədləri əlavə hüquqi məsuliyyət yaradır. Xüsusilə nəticələrin şişirdilmiş formada təqdim olunması və pasiyentin yanlış gözləntilərə yönləndirilməsi halları hüquqi mübahisələrdə mühüm rol oynayır. Sağlamlığa vurulan zərərin xarakteri də hüquqi qiymətləndirmədə fərqləndirilir. Birbaşa zərərə fiziki fəsadlar – infeksiyalar, toxuma və ya sinir zədələnmələri, funksional pozuntular aid edilir.

Dolayı zərər isə psixoloji, sosial və peşə fəaliyyətinə təsir edən nəticələri əhatə edir. Hüquq sistemi hər iki növ zərəri tanısa da, dolayı zərərin sübuta yetirilməsi daha mürəkkəbdir və adətən əlavə psixoloji və tibbi ekspertizaların keçirilməsini tələb edir. Nəticə olaraq qeyd edilməlidir ki, estetik əməliyyatın uğursuz nəticəsi avtomatik şəkildə həkimin hüquqi məsuliyyətini doğurmur. Lakin tibbi standartların pozulması, məlumatlandırılmış razılıq prinsipinin təmin edilməməsi və ya real zərərin mövcudluğu sübuta yetirildiyi halda, həkimin məsuliyyəti yaranır və pasiyent hüquqi müdafiə mexanizmlərindən istifadə edərək öz pozulmuş hüquqlarını bərpa edə bilər. Bu sahədə əsas məqsəd tibbi fəaliyyətin peşə müstəqilliyi ilə pasiyentin hüquq və maraqlarının qorunması arasında balansın təmin edilməsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər