media-inshot_20260210_170645282

Uşağın davranışını yönləndirmək istəyən hər bir valideyn bu sualla üz-üzə qalır: cəza doğrudan da lazımdır, yoxsa psixoloji travmadır? Sərt qadağalarla böyüyən uşaqlarla, heç bir sərhəd tanımayan uşaqların gələcəkdə yaşadıqları çətinliklər bu mövzunun nə qədər həssas olduğunu göstərir. Əsas məsələ cəza verib-verməməkdən çox, bunu uşağın şəxsiyyətini sarsıtmadan, onu qorxutmadan və özünü dəyərsiz hiss etdirmədən necə etməkdir. 

Bəs uşaqları cəzalandırmaq olarmı? Olarsa, bunu necə etməliyik ki, uşaqlarda travma qalmasın?

Mövzu ilə bağlı Patrul.az-ın suallarını cavablandıran psixoloq Elmir Əkbər bildirib ki, uşağı cəzalandırıb-cəzalandırmamaq məsələsi çox əhəmiyyətli və psixoloji bir anlam kəsb edir:

“Məsələ ondan ibarətdir ki, bizim ölkədə geniş yayılmış cəza təsəvvürü çox yanlışdır. Bu cəzalar çox vaxt problemi həll etməkdənsə, onun dərinləşməsinə səbəb olur. Çünki uşağın yanlış davranışını yönləndirmək xüsusi psixoloji yanaşma tələb edir. Bəziləri isə elə bilir ki, uşaq nə istəsə edə bilər. Düşünürlər ki, bu Qərb anlayışıdır və ya elm bunu deyir. Qətiyyən belə deyil. Bu məsələyə düzgün yanaşma tərzi olmalıdır”.

media-inshot_20260210_170007568

Psixoloq qeyd edib ki, uşaq həyatın reallıqlarını doğru psixoterapevtik müstəvidə anlamalı, etdiyi yanlışların geridönüşünü, onun fəsadlarını dərk etməlidir:

“Doğrudur, bütün valideynlər psixoloq və ya psixoterapevt deyil ki, bu həqiqətləri detallı şəkildə bilsin. Amma bunun üçün mütəxəssislər var. Falçı və ya cadugərlərdənsə, əsl mütəxəssislərə müraciət etmək lazımdır.

Amma bizim ölkədə məsələ yeniyetməliyin son dövrünə gəldikdə, artıq evdə dava-qırğın, hər hansı bir faciə baş verəndə problemin olduğunu başa düşürlər. Təəssüf ki, bu cür gecikmiş yanaşmalar bugünkü fəsadlara zəmin yaradır”.

Ləman Sərraf


Bənzər xəbərlər