media-inshot_20251210_161445897

FİFA 2026 Dünya Çempionatında bir ilkə imza atmağa hazırlaşır. 

Yeni tətbiqə əsasən, komandalar taym arası (fasilə) zamanı jurnalistlərin suallarını cavablayacaq və bu, FİFA-nın oyunun azarkeşlərə daha “açıq və interaktiv” şəkildə təqdim olunması planının bir hissəsidir.
Bu qərar həm müzakirələr, həm də tənqidlər doğurub, lakin FIFA bunun futbolun gələcəyi üçün vacib addım olduğunu bildirir.

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən futbol üzrə mütəxəssis Etibar İbrahimov söyləyib ki, bu məsələ ilə bağlı fərqli yanaşmalar var:

“Bir məşqçi kimi şəxsən mən bu cür müsahibələrin tərəfdarı deyiləm. Çünki futbolçular birinci hissədən sonra paltardəyişmə otağına daxil olarkən bir dəqiqə vaxt sərf edirlər, eyni zamanda ikinci hissəyə çıxarkən də bir dəqiqə itirirlər. Bu artıq 2 dəqiqəlik bir fasilə itkisi deməkdir. Əgər bir futbolçu 2-3 dəqiqəlik müsahibə də verirsə, ümumilikdə bu, azı 5 dəqiqəlik zaman itkisi yaradır.

Nəzərə alaq ki, fasilədə məşqçilər oyunun taleyini dəyişmək üçün vacib tapşırıqlar verir. Məşqçilər bilir ki, futbolçuların adrenalini yüksək olur və bu səbəbdən bir neçə dəqiqə gözləyirlər ki, o emosional gərginlik azalsın, futbolçular verilən tapşırıqları daha yaxşı qavrayıb yerinə yetirə bilsinlər. Lakin fasilədə müsahibə verən futbolçular bu tapşırıqları ya eşitməyə, ya da tam qavramaya bilərlər. Bu, həm oyunun gedişinə, həm də ümumi komanda atmosferinə mənfi təsir göstərə bilər”.

media-img-20251210-wa0024

Mütəxəssis komandada bəzi oyunçuların dəstəyindən də söz açıb:

“Komandalarda lider futbolçular var ki, məşqçilər paltardəyişmə otağından çıxandan sonra həmin oyunçular komanda yoldaşlarına əlavə motivasiya verirlər. Bu, həm psixoloji, həm də texniki baxımdan vacib amildir. Əgər həmin futbolçular fasilədə müsahibə ilə məşğul olsalar, bu mühüm prosesin də qarşısı alınmış olar.

Digər tərəfdən, birinci hissədən sonra hər futbolçunun əhvalı yaxşı olmur. Ola bilər ki, emosional vəziyyəti yüksək olan futbolçuya müsahibədə verilən sualın cavabı istənilməyən açıqlamalara səbəb olsun və bu, həm özünə, həm də komandasına təsir etsin. Oyun bitdikdən sonra 5-10 dəqiqə keçsin, adrenalin səviyyəsi düşsün, futbolçu sakitləşsin və sonra müsahibə verməyi daha sağlam və məqsədəuyğun yanaşmadır”.

E.İbrahimov oyunçuların fasilə zamanı müsahibə verməsini düzgün hesab etmir:

“Düşünürəm ki, bu, gələcəkdə də müəyyən problemlərə yol aça bilər. Çünki birinci hissədən sonra bəzi futbolçular təzyiq altında ola bilərlər. Ola bilər, kimsə əla formada olsun, amma digərləri pis vəziyyətdədir. Bu isə ümumi komanda ruhuna zərər vura bilər.

Ən vacib məsələ isə ondan ibarətdir ki, fasilədə verilən müsahibələr məşq prosesinə, tapşırıqların vaxtında çatdırılmasına və futbolçuların ikinci hissəyə köklənməsinə maneə ola bilər. Bu da gələcəkdə ciddi problemlər yarada bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər