media-img-20260504-wa0015-1

İmtahanlar yaxınlaşdıqca bir çox abituriyentlərdə ciddi stress, qorxu və psixoloji gərginlik artır. Xüsusilə yaz aylarında bu təzyiq daha da güclənə bilir və bəzi hallarda depressiv hallar, motivasiya düşüklüyü, diqqət dağınıqlığı, hətta intihara meyillilik kimi ciddi risklər də ortaya çıxa bilər. Bu vəziyyət çox vaxt həm daxili narahatlıqdan, həm də ailə tərəfindən göstərilən yüksək gözləntilərdən qaynaqlanır.

Bəs imtahan dövründə artan psixoloji gərginliyin qarşısını almaq üçün valideynlər nələrə diqqət etməlidir?

Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, valideynlərin dəstəkləyici münasibəti imtahan dövründə gəncin stressini azaldır və uğurunu artırır:

“İmtahan dövrü yalnız biliklərin yoxlanıldığı mərhələ deyil, eyni zamanda gəncin psixoloji dayanıqlığının ciddi sınağa çəkildiyi bir dövrdür. Bu mərhələdə valideynlərin davranışı, münasibəti və yanaşması abituriyentin emosional vəziyyətinə birbaşa təsir edir. Düzgün yanaşma gənci gücləndirə, yanlış yanaşma isə onun özünə inamını sarsıda bilər.

İlk növbədə valideynlər başa düşməlidirlər ki, imtahan həyatda yeganə və son şans deyil. Uşağa davamlı şəkildə “bu imtahan həyatını həll edir” mesajını vermək onda performans qorxusu və uğursuzluq panikası yaradır. Əvəzində isə “sən çalışırsan və bu, ən dəyərlisidir” kimi yanaşma daha sağlam psixoloji mühit formalaşdırır”.

media-img-20260421-wa0033-1

O. Şəfizadə qeyd edir ki, “Filankəsin övladı daha çox oxuyur” kimi müqayisələr uşağa motivasiya yox, təzyiq və özünə inamsızlıq yaradır:

“Digər vacib məqam müqayisədən uzaq durmaqdır. “Filankəsin övladı daha çox oxuyur” kimi cümlələr motivasiya vermir, əksinə daxili təzyiqi artırır və özünə inamı zəiflədir. Hər bir gəncin öyrənmə tempi və potensialı fərqlidir – bunu qəbul etmək valideyn məsuliyyətidir.

Valideynlər həmçinin övladlarının emosiyalarını dinləməyi bacarmalıdırlar. Bəzən gənc sadəcə başa düşülmək istəyir, məsləhət yox. Onun narahatlığını kiçiltmək (“boş şeydir”) əvəzinə, qəbul etmək (“səni narahat etdiyini anlayıram”) daha effektivdir. Bu, uşağın özünü təhlükəsiz hiss etməsinə kömək edir.

Gərginliyin azaldılması üçün gündəlik rejim də mühüm rol oynayır. Yuxu, qidalanma və fasilələr balanslı olmalıdır. Valideynlər yalnız dərsə fokuslanmaq yerinə, qısa istirahətlərin də faydalı olduğunu qəbul etməlidirlər. Beyin fasilə zamanı məlumatı daha yaxşı emal edir”.

Psixoloqun sözlərinə görə, valideynin sakit, dəstəkləyici və şərtsiz sevgi göstərən münasibəti gəncin psixoloji dayanıqlığını və uğurunu gücləndirir:

“Eyni zamanda valideynlərin öz davranışları da model rolunu oynayır. Əgər valideyn daim stress içindədirsə, bu hal uşağa da ötürülür. Sakit, dəstəkverici və inamlı münasibət abituriyentin daxili sabitliyini artırır.

Nəhayət, ən vacib mesajlardan biri budur: uşaq valideyn sevgisini nəticəyə görə deyil, şərtsiz hiss etməlidir. “Nəticən necə olsa da, biz sənin yanındayıq” mesajı gəncin psixoloji dayanıqlığını gücləndirən ən əsas faktorlardan biridir.

Unutmayaq ki, sağlam psixologiya uğurun təməlidir. Yüksək bal yalnız sakit və balanslı zehində formalaşır. Valideyn dəstəyi isə bu balansın ən güclü dayağıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər