""Flightradar" Azərbaycanın qlobal miqyasdakı strateji və diplomatik çəkisini göstərən ən aydın vizual sübutlardan biridir" - RƏY
“”Flightradar” xəritəsi sadəcə təyyarə marşrutlarını yox, Azərbaycanın qlobal miqyasdakı strateji və diplomatik çəkisini göstərən ən aydın vizual sübutlardan biridir.
Diqqət etsəniz, mürəkkəb geosiyasi vəziyyət və münaqişələr səbəbindən yaranan qapalı hava məkanları fonunda, Şərqlə Qərbi birləşdirən qlobal hava nəqliyyatının böyük bir qismi məhz Azərbaycan üzərindən – “Orta Dəhliz” vasitəsilə həyata keçirilir.
Bu vəziyyət sadəcə coğrafi üstünlük deyil. Bu, dövlətimizin, ölkə prezidentinin yürütdüyü uğurlu, balanslaşdırılmış xarici siyasətin və qlobal səviyyədə qazandığı etibarlı tərəfdaş imicinin birbaşa nəticəsidir”.
Bu fikirləri Patrul.az-a İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa səsləndirib.
Onun sözlərinə görə, dünyanın ən nəhəng aviaşirkətləri tranzit üçün təkcə vaxta və resurslara qənaət etmək məqsədilə deyil, ən əsası təhlükəsizlik və sabitlik amilinə görə məhz bizim hava məkanımıza etibar edirlər:

“Qlobal logistika və kommunikasiya xətlərinin mərkəzində yerləşən ölkəmiz qlobal təhlükəsizlik arxitekturasında öz mühüm rolunu oynayır.
Təbii ki, bu qədər intensiv və fasiləsiz tranzitin arxasında güclü texnoloji infrastruktur, qabaqcıl informasiya sistemləri və etibarlı kibertəhlükəsizlik mühiti dayanır.
Azərbaycan artıq sadəcə regionun deyil, qlobal bağlantının ən mühüm və təhlükəsiz hablarından birinə çevrilib”.
Ləman Sərraf






