media-1df88fc6-3173-4fd9-bf57-d91caa223d55

Fransada aparılan arxeoloji qazıntılar nəticəsində 42.000 il əvvəl yaşamış və “sonuncu Neandertal” sayılan bir fərdin genomu tam şəkildə tədqiq edilib.

Patrulaz.az “Popular Mechanics”ə istinadən xəbər verir ki, bu kəşf ilk dəfə 2015-ci ildə Fransanın Rhone vadisində yerləşən Grotte Mandrin mağarasında tapılan çənə sümüyü ilə başlayıb. Arxeoloq Lüdovik Slimakın rəhbərlik etdiyi qrup sonrakı illərdə eyni ərazidə daha çox qalıq aşkarlayıb və “Torin” adlandırılan bu fərdin genetik kodunu araşdırmağa başlayıb.

Tədqiqatın nəticələri bu ilin may ayında Cell Genomics jurnalında dərc olunub. Bildirilir ki, “Thorin” adlandırılan bu Neandertal nümunəsi, yaxınlıqda digər insan qruplarının yaşamasına baxmayaraq, təcrid olunmuş şəkildə 50 min il boyunca varlığını qoruyub. Bu da onun digər Neandertal populyasiyaları ilə genetik mübadilə aparmadığını sübut edir.

“Mən 20 il əvvəl bu ərazidəki Neandertalların fərqli ola biləcəyini təxmin etmişdim. İndi isə bu fərqlilik genetik sübutlarla təsdiqləndi”, – deyə tədqiqatçı Slimak bildirib.

Qeyd edək ki, “Thorin” adlı fərdin genetik analizi göstərib ki, onun genetik homozigotluğu çox yüksəkdir. Bu isə o deməkdir ki, o, çox güman ki, yaxın qohumlar arasında törədilmişdir. Eyni zamanda, tədqiqatlar göstərib ki, onun genləri dövrün müasir insanları ilə qarışmayıb, yəni Homo sapienslə genetik əlaqəsi olmayıb. Alimlərin fikrincə, bu məlumat Homo sapiensin necə üstün insan növünə çevrildiyini və digər insan növlərinin niyə yoxa çıxdığını anlamağa kömək edə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər