Gizli kamera satan və istifadə edənləri BU CƏZALAR gözləyir - Vəkildən AÇIQLAMA
Sosial şəbəkələrdə mini kameraların satışı ilə bağlı reklamlara tez-tez rast gəlinir. Elanlardan görünür ki, bu qurğular əsasən gizli çəkilişlərin həyata keçirilməsi üçün nəzərdə tutulur.
Bəs bu cür kameraların satışı və istifadəsi qanunidirmi?
Mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli 139-6 nömrəli qərarının 20-ci bəndinə əsasən, eni, uzunluğu və qalınlığı 50 mm-dən az olan, video və ya audio məlumatların gücləndirilməsi, işlənməsi, yazılması və saxlanılması üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilməsinə görə məsuliyyət yaranır:

“Gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu əşyalar ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir.
İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır”.
“Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”,– deyə o əlavə edib.
Ləman Sərraf






