media-inshot_20251230_124152344

Son illərdə texnologiyanın sürətli inkişafı ilə müşahidə, nəzarət və təhlükəsizlik məqsədilə istifadə olunan kameraların sayı artıb. Bununla yanaşı, gizli kameraların satışı və istifadəsi cəmiyyətdə şəxsi həyatın toxunulmazlığı, məxfilik hüququ və hüquqi məsuliyyətlə bağlı ciddi suallar doğurur. Xüsusilə insanların xəbəri olmadan aparılan görüntüləmələrin hansı hallarda qanuni sayıldığı, hansı hallarda isə qanun pozuntusu hesab edildiyi aktual müzakirə mövzusuna çevrilib.

Bəs gizli kameraların satışı və istifadəsi Azərbaycan qanunvericiliyinə görə qanunidirmi, bu hallarla bağlı cərimə və ya digər məsuliyyət tədbirləri nəzərdə tutulurmu və ümumilikdə gizli kameraların istifadəsi tam qadağan oluna bilərmi?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gizli kameraların satışı və istifadəsi əsasən qadağandır və yalnız səlahiyyətli dövlət orqanlarına icazə verildiyi üçün digər şəxslər üçün bu fəaliyyət hüquqi məsuliyyət yaradır:

“Azərbaycanda gizli kameraların satışı, əldə edilməsi və istifadəsi qanunvericilik baxımından ciddi şəkildə məhdudlaşdırılan və əksər hallarda birbaşa qadağan edilən fəaliyyət növü hesab olunur. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr (mini və maskalanmış kameralar, səs yazan qurğular və s.) Azərbaycan Respublikasında mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir. Bu yanaşma Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında Qanun ilə təsbit edilib. Qanunun mahiyyətinə görə, bu tip texniki vasitələrdən yalnız əməliyyat-axtarış fəaliyyəti həyata keçirən səlahiyyətli dövlət orqanları və onların əməkdaşları istifadə edə bilər. Digər fiziki şəxslər və kommersiya subyektləri üçün isə bu cihazların istehsalı, satışı, reklamı, bağışlanması və ya istifadəsi hüquqi məsuliyyət yaradır. Məhz bu səbəbdən sosial şəbəkələrdə, xüsusən də sosial platformalarda gizli kameraların açıq şəkildə reklam edilməsi və satışı qanunvericiliyin kobud şəkildə pozulmasıdır və çox vaxt bu hallar kiberdələduzluqla müşayiət olunur”.

media-inshot_20251230_123934224

R. Qaraşov gizli kameraların qanunsuz istifadəsi və satışına görə yaranan məsuliyyətlərə də toxunub. Onun sözlərinə görə, qanun gizli kameralarla bağlı həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutur:

“Məsuliyyət məsələsinə gəldikdə isə, qanunvericilik burada ikili hüquqi mexanizm nəzərdə tutur. Bir tərəfdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər barəsində həmin vasitələrin müsadirə edilməsi və 200–400 manat məbləğində cərimə tətbiq olunur. Digər tərəfdən isə, bu vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Vəkilin sözlərinə görə, səxsin razılığı olmadan gizli çəkiliş həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa görə şəxsi həyatın toxunulmazlığının pozulması sayılır:

“Bundan əlavə, gizli çəkiliş yolu ilə şəxsin razılığı olmadan görüntülərin əldə edilməsi və yayılması şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilir və bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə də məsuliyyət yarada bilər. Bu yanaşmanın konstitusion əsası Azərbaycan Respublikasının Konstitusiyası-nın 32-ci maddəsində təsbit edilən şəxsi həyatın toxunulmazlığı prinsipidir.

Xarici və beynəlxalq təcrübə də bu mövqeyi dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsi-nin formalaşdırdığı presedent hüququna əsasən, gizli video-müşahidə yalnız qanunla, legitim məqsədlə və zərurilik prinsipinə uyğun olduqda yol verilən hesab oluna bilər. Məhkəmə bir sıra qərarlarında ofislərin və iş yerlərinin də “şəxsi həyat” və hətta müəyyən hallarda “mənzil” anlayışına daxil ola biləcəyini vurğulayıb. Avropa İttifaqı ölkələrində və ümumilikdə Qərb hüquq sistemlərində gizli kameraların mülki dövriyyəsi demək olar ki, tam qadağandır; yalnız açıq müşahidə kameralarına, o da müvafiq xəbərdaredici lövhələr yerləşdirilməklə icazə verilir. ABŞ, Almaniya və Fransa kimi ölkələrdə sanitar qovşaqlarda, soyunma otaqlarında, hotel otaqlarında və şəxsi məkanlarda gizli çəkiliş ağır cinayət hesab olunur. Beləliklə, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq kontekstində gizli kameraların satışı və istifadəsi ictimai təhlükəli əməldir və bu sahədə cərimə ilə yanaşı, həbs cəzasının tətbiqi tam hüquqi əsaslara malikdir”.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər