Gizli qırıcıların sonu? – Çin görünməyən texnikaları aşkar edən cihaz hazırladı
Çin görünməyən hərbi texnikaları aşkar edən yeni əl cihazını sınaqdan keçirib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, South China Morning Post qəzetinin yazdığına görə, Çin Elektron Texnologiyaları Qrupu Korporasiyasının 38-ci Tədqiqat İnstitutunun mütəxəssisləri aşağı ehtimallı kəsmə radarı (LPIR) kimi sistemlərdən istifadə edən gizli texnikanı aşkarlaya bilən portativ cihaz hazırlayıblar.
Tədqiqatçılar bildirirlər ki, bu cihaz 5 kHz-dən 44 GHz-ə qədər tezlik diapazonunu əhatə edir və gizli siqnalları 100 faiz dəqiqliklə aşkar edə bilir.
“Yeni texnologiya mülki telekommunikasiya texnologiyasını hərbi səviyyəli radar həssaslığı ilə birləşdirir. Cihaz yüksək səs-küylü mühitlərdə belə ultra sürətli və dəqiq nəticə göstərir”, – deyə layihə komandası bildirib.
Qeyd edək ki, Çin bu cihazı real döyüş şəraitində uğurla tətbiq edə bilsə, bu, hərbi texnologiyalar yarışında oyun qaydalarını dəyişə bilər. Bununla belə, ekspertlər bildirirlər ki, cihazın effektivliyi hələ real döyüş şəraitində sübut olunmalıdır.
Gülbəniz Səfərova






