Günəş sistemində sirli doqquzuncu Planet ola bilər
Alimlər Günəş sisteminin uzaq hissəsində uzun illərdir axtarılan sirli “Doqquzuncu Planet”in ola biləcəyini bildiriblər.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, yeni araşdırmalara görə, bu planet Yerdən 5-10 dəfə böyükdür və Günəşi 10 min ildə bir dəfə dövr edir.
Beynəlxalq tədqiqatçılar 23 illik infraqırmızı teleskop məlumatlarını araşdıraraq çox zəif, amma hərəkət edən 13 işıq nöqtəsi aşkarlayıblar. Onlardan biri rəngi və parlaqlığı ilə seçilərək eyni obyektə aid ola biləcəyi ehtimalını yaradıb.
Tədqiqatda iştirak etməyən amerikalı astronom Qari Bernşteyn deyib: “Neptun qədər böyük bir obyektin orada sakitcə olması və bu vaxta qədər görünməməsi təəccüblüdür”.
Alimlər bu planetin varlığını sübut edə biləcək əsas dəlilin Plutonun da yerləşdiyi Kuiper qurşağındakı bəzi cırtdan planetlərin qeyri-adi orbitləri olduğunu deyirlər. Onların fikrincə, bu orbitlər görünməyən bir planetin cazibəsi ilə izah oluna bilər.
Qeyd edək ki, bu planetin varlığı hələ tam təsdiqlənməyib. Lakin araşdırmalar davam edir və ümidlər artır.
Gülbəniz Səfərova