Hansı halda övlad valideynə aliment ödəməlidir? - AÇIQLAMA
Adətən aliment deyəndə ağla valideynin uşağa maddi dəstək verməsi gəlir. Amma bəzi hallarda bu münasibət əks istiqamətdə də işləyə bilər, yəni övlad valideyninə aliment ödəməyə borclu olur.
Patrul.az valideynin hansı hallarda övladından aliment ala biləcəyini araşdırıb.
Azərbaycan qanunvericiliyinə görə, valideyn yaşı, səhhəti və maddi vəziyyəti səbəbindən özünü təmin edə bilmirsə, övlad onun saxlanılması üçün aliment ödəməlidir. Bu, həm mənəvi borc, həm də hüquqi öhdəlik sayılır.
Əgər övlad bu məsuliyyətdən imtina edərsə, valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə, tərəflərin gəlirini və yaşayış şəraitini nəzərə alaraq, ödəniləcək məbləği müəyyən edir.
Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov saytımıza açıqlama verib:
“Övlad valideyninə, həmçinin babasına və nənəsinə də aliment vəsaiti ödəyə bilər. Bu, adətən o halda mümkündür ki, həmin şəxslərin maddi ehtiyacı var və onların gəliri özlərini saxlamağa, yəni yaşayış minimumunu təmin etməyə kifayət etmir.
Belə vəziyyətdə, həmin şəxs məhkəməyə müraciət edə bilər və məhkəmə qərarı ilə övladın və ya nəvənin üzərinə aliment ödəmək öhdəliyi qoyula bilər. Əgər bir neçə nəvə varsa, bu öhdəlik onların hər birinin üzərinə bərabər şəkildə düşür və ödənilən məbləğ aralarında bölüşdürülür”.
Hüquqşünas qeyd edib ki, bu vəziyyət təcrübədə nadir hallarda rast gəlinir:
“Çünki əksər hallarda pensiya mövcuddur və bu pensiya da əsasən yaşayış minimumunu qarşılamağa kifayət edir. Lakin istisna hallarda pensiya olmaya bilər və belə vəziyyətdə qeyd olunan hüquqi mexanizm tətbiq oluna bilər”.
Vurğulayaq ki, aliment təkcə maddi məsələ deyil, məsuliyyət və vicdan məsələsidir. Necə ki, valideyn uşağına borcludur, müəyyən hallarda uşaq da valideyninə borcludur. Çünki ailə əlaqəsi yalnız qanunla deyil, vicdanla da qorunur.






