media-inshot_20251210_141628394

Sığorta həyatda baş verə biləcək gözlənilməz hallara qarşı bir növ təhlükəsizlik çətiridir. Amma bu çətirin açılması üçün konkret bir an – yəni “sığorta hadisəsi” baş verməlidir. Bəzən bu, sadə bir yol qəzası, bəzən də təbiətin yaratdığı bir fəsad olur. Hər bir halda ortaq məqam budur ki, sığorta hadisəsi gerçəkləşəndə sığorta şirkəti üzərinə öhdəlik götürür və vətəndaşın zərəri qarşılanır. Məhz buna görə də bu anlayış həm qanunvericilikdə, həm də gündəlik həyatda xüsusi yer tutur.

Bu anlayışın tam olaraq nələri əhatə etdiyini bilmək isə hər kəs üçün vacibdir. 

Elə bu səbəbdən Patrul.az olaraq hüquqşünas Ərşad Hüseynova müraciət etdik.

Həmsöhbətimiz ilk növbədə “Sığorta hadisəsi”nin həm Mülki Məcəllədə, konkret olaraq 922-ci maddədə, həm də icbari sığortalar haqqında qanunun 13-cü maddəsində tərif olunduğunu, bundan əlavə, sığorta fəaliyyəti ilə bağlı digər normativ aktlarda da bu anlayışa tez-tez rast gəlindiyini qeyd edib:

“Sadə dildə izah etsək, “sığorta hadisəsi” müxtəlif sığorta müqavilələri üzrə sığortalıya, sığorta olunan şəxsə və ya faydalanan digər şəxsə (məsələn, icbari sığortalarda üçüncü şəxsə) sığorta ödənişinin verilməsi üçün əsas yaradan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən hadisələr və hallardır. Yəni sığorta hadisəsi o andır ki, bu hadisə baş verdikdə sığorta şirkəti üçün öhdəlik yaranır və sığorta olunan şəxs və ya faydalanan şəxs üçün isə hüquq yaranır ki, sığorta ödənişini alsın.

Məsələn, nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi nədir? Bu, nəqliyyat vasitəsindən istifadə zamanı üçüncü şəxslərə vurulan zərərlə bağlı olan hadisə və hallardır. Məsələn, bir sürücü gedib başqa avtomobili vurur və ziyan yetirir, yaxud yolda işıq dirəyini aşırır və dirəyin balansında olduğu quruma ziyan vurur, yaxud kimin isə hasarını, həyətini dağıdır, yaxud bir insanın sağlamlığına xəsarət yetirir. Bu hallar sığorta hadisəsi sayılır və sığorta təminatı da mövcuddur”.

media-inshot_20251210_141810982

Ekspert yol-nəqliyyat hadisələrinin iki əsas qrupa bölündüyünü söyləyib:

“Birincisi, cinayət xarakterli hadisələrdir (ölümlə nəticələnən və ya ağır ya da az ağır xəsarətlər olan hallar), ikincisi isə daha sadə, maddi ziyan və ya sağlamlığa yüngül xəsarətlə nəticələnən inzibati xətalardır. Bəzən isə elə hallar olur ki, ziyan var, amma nə cinayət məsuliyyəti, nə də inzibati məsuliyyət yaranmır. Bu da mümkündür. Məsələn, təqsirkar şəxs hadisə nəticəsində vəfat edib, ona görə də məsuliyyət subyekti yoxdur. Amma hadisə baş verib və cinayət xarakteri daşıyırsa, bu yenə də sığorta hadisəsi sayılır və sığorta şirkəti zərəri ödəməlidir”.

Ə.Hüseynov əlavə edib ki, müxtəlif sığorta növlərində sığorta hadisəsi fərqli formalarda təzahür edə bilər:

“Kasko sığorta (könüllü avtomobil sığortası) üzrə sığorta hadisəsi yalnız əmlak sahibinin davranışı ilə bağlı olmur. Burada təbiət hadisələri də (fırtına, daşqın, ağac aşması və s.) sığorta hadisəsi sayılır. Məsələn, avtomobil həyətə park olunmuş vəziyyətdə olarkən ağac üstünə aşırsa və avtomobilə zərər dəyirsə, bu, kasko sığortası üzrə sığorta hadisəsi sayılır və zərər sığorta şirkəti tərəfindən ödənilməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər