media-photo-output

Son günlər hava şəraiti ölkəmizdə kəskin dəyişir: bir gün günəşli və isti, başqa gün isə soyuq və yağışlı olur. Belə tez-tez dəyişən hava şəraiti insanların əhval-ruhiyyəsinə birbaşa təsir edə bilər.

Bəs, bu tez-tez dəyişən hava şəraiti gündəlik davranışlarımıza və psixoloji sağlamlığımıza nə qədər təsir göstərir?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, tez-tez dəyişən hava şəraiti insanların emosional vəziyyətini və motivasiyasını birbaşa təsir edərək psixoloji balansı poza bilər:

“Hava şəraiti insanın emosional vəziyyətinə və davranışına mühüm təsir göstərir. Günəşli və isti havalarda orqanizmdə serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının səviyyəsi artır, nəticədə əhval yüksəlir, insan daha enerjili və ünsiyyətə açıq olur. Əksinə, soyuq, yağışlı və tutqun hava şəraitində melatonin səviyyəsi yüksəlir, bu da yuxululuq, yorğunluq və motivasiya azalması ilə müşahidə olunur. Tez-tez dəyişən hava şəraiti orqanizmin bioloji ritmlərini də poza bilər. Bu da öz növbəsində psixoloji adaptasiya prosesini çətinləşdirir, xüsusilə emosional cəhətdən həssas insanlarda gərginlik, narahatlıq, diqqət dağınıqlığı və apatiya yarada bilər.”

E. Rüstəmov iqlim dəyişkənliyinin bəzi insanlarda mövsümi əhval pozuntularına səbəb olduğunu və psixoloji sağlamlıq üçün adaptasiya strategiyalarının vacib olduğunu vurğulayıb:

“Elmi tədqiqatlar göstərir ki, iqlim dəyişkənliyi və günəş işığının azalması bəzi insanlarda mövsümi affektiv pozuntuya səbəb olur. Bu zaman payız-qış aylarında depressiv əlamətlər, yaz-yay dövründə isə nisbi yüngülləşmə müşahidə edilir. Psixoloji sağlamlıq baxımından vacib olan insanların bu dəyişikliklərə qarşı daxili balans və adaptasiya strategiyaları inkişaf etdirmələridir. Bunun üçün açıq havada gəzintilər, fiziki aktivlik, düzgün yuxu rejimi və sosial təmaslar önəmlidir.”

Psixoloq sözlərinə görə, hava şəraiti əhvala dolayı təsir göstərir:

“Sonda qeyd etmək istərdim ki, hava şəraiti insanın ruh halına və davranışına birbaşa deyil, bioloji və emosional mexanizmlər vasitəsilə dolayı təsir göstərir. Əhvalın sabit qalması üçün həm fiziki, həm də psixoloji baxımdan uyğunlaşma vərdişlərini formalaşdırmaq vacibdir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər