Həddindən artıq mehriban insanlardan niyə ehtiyatlı olmaq lazımdır? - Psixoloq açıqladı
Bəzi insanlar hər kəsə qarşı həddindən artıq mehriban, həmişə razılaşan və heç vaxt əsəbiləşməyən insanlara etibar etməyin daha doğru olduğunu düşünür. Ancaq psixoloqlar bildirirlər ki, bəzən bu qədər “mükəmməl yaxşılıq” səmimiyyətdən deyil, fərqli daxili səbəblərdən qaynaqlana bilər. Bəs həddindən artıq mehriban davranışın arxasında hansı psixoloji amillər gizlənə bilər və bu insanları necə düzgün qiymətləndirmək lazımdır?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, həddindən artıq yaxşı görünən insanların davranışlarının arxasında bəzən gizli emosional problemlər və qəbul edilmək ehtiyacı dayanır:
“Cəmiyyətdə mehribanlıq həmişə müsbət xüsusiyyət kimi qiymətləndirilir. Lakin elə insanlar var ki, onların yaxşılığı artıq təbii sərhədləri aşır. Onlar hər kəsə razı qalmağa çalışır, heç kimə “yox” demirlər, daim gülümsəyirlər və sanki heç vaxt narazılıq göstərmirlər. İlk baxışdan bu, nümunəvi davranış kimi görünə bilər. Ancaq psixologiya bizə göstərir ki, həddindən artıq yaxşılıq hər zaman sağlam şəxsiyyət göstəricisi deyil. Belə insanların bəziləri daxilən rədd edilmək qorxusu yaşayırlar. Onlar sevilmək və qəbul olunmaq üçün öz həqiqi hisslərini gizlədirlər. Nəticədə qəzəb, inciklik və narazılıq şüuraltında yığılır. Uzun müddət gizlədilən bu emosiyalar isə gözlənilməz anda partlayış şəklində ortaya çıxa bilər”.

Psixoloqun sözlərinə görə, insanın həqiqi xarakterini yalnız mehribanlığı ilə deyil, sərhədlərini necə qoruduğu və nə qədər səmimi olduğu ilə qiymətləndirmək lazımdır:
“Bəzən həddindən artıq mehribanlıq manipulyasiya vasitəsinə də çevrilir. İnsan yaxşılıq etməklə qarşı tərəfdə borcluluq hissi yaratmağa çalışır. Onun köməyi təmənnasız görünür, lakin daxilində qarşılıq gözləntisi gizlənir. Qarşılıq görmədikdə isə məyusluq, ittiham və ya gizli aqressiya meydana çıxır. Sağlam insan nəinki “bəli”, lazım gəldikdə “yox” da deyə bilir. O, öz sərhədlərini qoruyur, hisslərini dürüst şəkildə ifadə edir və hər kəsi razı salmağa çalışmır. Çünki həqiqi yaxşılıq maska deyil, xarakterdir. Bu səbəbdən insanları yalnız onların mehribanlığına görə deyil, səmimiyyətinə, sərhədlərinə və davranışlarının ardıcıllığına görə tanımaq lazımdır. Həddindən artıq yaxşı görünən hər insan yaxşı olmaya bilər. Bəzən ən təhlükəli maska məhz qüsursuz görünən yaxşılıq maskasıdır”.
Cəmilə Cəfərzadə






