Lökbatan sakinləri yolların acınacaqlı vəziyyətindən şikayətlənirlər - VİDEO
Patrul.az redaksiyasına müraciət edən Lökbatan qəsəbə sakinləri qəsəbədaxili yolların yararsız vəziyyətdə olmasından narahat olduqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, qəsəbənin bir sıra küçə və yollarında dərin çalalar, çökmələr və asfalt örtüyünün deformasiyaya uğraması nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradır. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır, piyadaların və sürücülərin hərəkəti təhlükə altına düşür.
Müraciətdə qeyd olunur ki, mövcud vəziyyət nəqliyyat vasitələrinin tez-tez nasazlaşmasına, həmçinin sakinlərin gündəlik hərəkətində problemlərin yaranmasına səbəb olur. Onların sözlərinə görə, yolların təmiri ilə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, problem hələ də öz həllini tapmayıb.
Sakinlər aidiyyəti dövlət qurumlarından qəsəbədaxili yolların vəziyyətinin araşdırılmasını və yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Patrul.az olaraq mövzu ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.






