“Həddindən artıq sərt tərbiyə uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər” - Zeynəb Əyyubova
“Valideynlərin övladlarının gələcəyini düşünərək müəyyən qaydalar qoyması və intizam yaratmağa çalışması normaldır. Lakin həddindən artıq sərt tərbiyə üsulları uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər”.
Bu fikirləri Patrul.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova səsləndirib.
Həmsöhbətimiz qeyd edib ki, sərt nəzarət, tez-tez tənqid, cəzalandırma və uşağın fikirlərinin nəzərə alınmaması onda özünəinamın zəifləməsinə səbəb ola bilər:
“Belə uşaqlar böyüdükcə qərar verməkdə çətinlik çəkə, səhv etməkdən həddindən artıq qorxa və öz potensiallarını tam şəkildə ortaya qoya bilməyə bilərlər.
Psixoloji araşdırmalar göstərir ki, daim təzyiq altında böyüyən uşaqlarda narahatlıq, stress, özgüvən problemi və sosial münasibətlərdə çətinliklər daha çox müşahidə olunur. Bəzi hallarda isə uşaqlar ya həddindən artıq itaətkar olur, ya da əksinə, aqressiv və üsyankar davranışlar nümayiş etdirirlər”.
Uşaq tərbiyəsində əsas məqsədin qorxu yaratmaq deyil, məsuliyyət hissini və daxili motivasiyanı formalaşdırmaq olduğunu söyləyən Z.Əyyubova əlavə edib:
“Uşaq özünü ailədə təhlükəsiz, dəyərli və eşidilən hiss etdikdə həm emosional, həm də sosial baxımdan daha sağlam inkişaf edir.
Valideynlər sərtliklə yanaşı sevgi, anlayış və açıq ünsiyyətə də yer verməlidirlər. Qaydaların olması vacibdir, lakin bu qaydalar uşağın şəxsiyyətinə hörmət çərçivəsində tətbiq edilməlidir. Sağlam tərbiyə nə həddindən artıq sərtlik, nə də tam sərbəstlikdir; ən effektiv yanaşma sevgi ilə sərhədlərin balanslı şəkildə qurulmasıdır.
Unutmaq olmaz ki, uşağın xarakterinin və gələcək münasibətlərinin təməli ailədə formalaşır. Buna görə də valideynlərin davranış tərzi uşağın yalnız bugünkü deyil, gələcək psixoloji sağlamlığına da birbaşa təsir göstərir”.
Ləman Sərraf






