“Millenium” şadlıq sarayının bacalarından çıxan tüstü narazılıq yaradıb - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan videogörüntü və müraciətdə 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Millenium” şadlıq sarayının fəaliyyəti ilə bağlı narazılıq ifadə olunub.
Müraciət müəllifinin iddiasına görə, şadlıq sarayının mətbəx və ya istilik sisteminə aid bacalarından atmosferə buraxılan tüstü ətrafda yerləşən çoxmənzilli yaşayış binalarına doğru yayılır. O bildirir ki, obyekt yaşayış binalarına yaxın məsafədə yerləşdiyindən tüstü və qoxu birbaşa sakinlərin mənzillərinə daxil olur.
Göndərilən videogörüntülərdə də şadlıq sarayının dam hissəsindən havaya qalxan sıx tüstü müşahidə edilir. Sakinlərin sözlərinə görə, xüsusilə tədbirlərin keçirildiyi günlərdə tüstünün intensivliyi artır ki, bu da ətrafda yaşayan insanların rahatlığına mənfi təsir göstərir.
Müraciət müəllifi aidiyyəti qurumların məsələni araşdırmasını, atmosferə atılan tullantıların ekoloji və sanitariya normalarına uyğun olub-olmamasının yoxlanılmasını istəyir.
Qeyd edək ki, səsləndirilən fikirlər müraciət müəllifinin iddialarını əks etdirir. Patrul.az olaraq qarşı tərəfin mövqeyini və aidiyyəti dövlət qurumlarının münasibətini dərc etməyə hazırıq.






