media-0_rjeptsqg56682h1m

Diplomu alan minlərlə gənc əmək bazarına daxil olmağa çalışsa da, onların böyük hissəsi ilk işini tapmaqda çətinlik çəkir. Bir çox hallarda isə yeni məzunlardan belə iş təcrübəsi tələb olunur. Mütəxəssislər hesab edir ki, bu problemin əsas səbəblərindən biri universitetlərlə şirkətlər arasında əməkdaşlığın kifayət qədər güclü olmamasıdır.

Bəs universitetlərin yerli şirkətlərlə əməkdaşlığı niyə zəifdir? Niyə məzunlardan işə qəbul zamanı təcrübə tələb olunur və bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, Universitet–şirkət əməkdaşlığının zəifliyi məzunların praktik bacarıqlarının yetərincə formalaşmamasına səbəb olduğu halda, müəllimlik sahəsində MİQ sistemi gənclərə iş təcrübəsi tələb olunmadan peşəyə başlamaq imkanı yaradır:

“Universitetlərin yerli şirkətlərlə əməkdaşlığının zəif olması əmək bazarı ilə təhsil sistemi arasında müəyyən uyğunsuzluqlar yaradır. Bir çox hallarda universitetlər nəzəri biliklərin verilməsinə üstünlük verir, lakin tələbələrin real iş mühitində bacarıq qazanmasına imkan yaradan uzunmüddətli təcrübə proqramları və şirkətlərlə davamlı əməkdaşlıq mexanizmləri kifayət qədər inkişaf etmir. Nəticədə məzunlar diplom əldə etsələr də, işəgötürənlərin gözlədiyi praktik bacarıqlara tam sahib olmurlar.

Pedaqoji yönümlü peşələrdə bu məsələnin həlli istiqamətində daha sistemli yanaşma mövcuddur. Belə ki, müəllimlər üçün ölkə üzrə vahid və şəffaf şəkildə təşkil olunan Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi gənc məzunlara əmək fəaliyyətinə başlamaq imkanı yaradır. Burada əsas meyar namizədin bilik və bacarıqlarıdır, iş təcrübəsinin olub-olmaması deyil. Bu yanaşma gənc mütəxəssislərin peşəyə girişini asanlaşdırır və təhsil sisteminin kadr ehtiyacını qarşılamağa xidmət edir”.

media-pervane

P.Qədimova qeyd edir ki, başlanğıc işlərdə təcrübə tələbi əvəzinə gənclərin bacarıq və potensialına üstünlük verilməlidir:

“Digər sahələrdə isə çox vaxt yeni məzunlardan işə qəbul zamanı 1-3 il, bəzən daha çox iş təcrübəsi tələb olunur. Bu, müəyyən mənada paradoks yaradır: insan işləmədən təcrübə qazana bilmir, təcrübəsi olmadığı üçün də işə qəbul olunmaqda çətinliklə qarşılaşır. Xüsusilə başlanğıc səviyyəli vəzifələr üçün iş təcrübəsinin əsas tələb kimi irəli sürülməsi düzgün yanaşma hesab edilə bilməz. İşəgötürənlər daha çox namizədin potensialına, universitet dövründə iştirak etdiyi təcrübə proqramlarına, layihələrə və əldə etdiyi bacarıqlara diqqət yetirməlidirlər. Bununla yanaşı, ölkəmizdə gənclərin ASAN Xidmət, DOST Agentliyi və oxşar qurumlarda könüllülük fəaliyyəti ilə məşğul olması da onların əmək bazarına hazırlığında mühüm rol oynayır. Bu fəaliyyətlər zamanı qazanılan ünsiyyət, komanda işi, layihələrin idarə edilməsi və xidmət bacarıqları bir çox hallarda real iş təcrübəsinə yaxın kompetensiyalar formalaşdırır. Buna görə də işəgötürənlər belə könüllülük fəaliyyətlərini də namizədin peşəkar inkişafının və praktik təcrübəsinin bir hissəsi kimi qiymətləndirməlidirlər”

Təhsil ekspertinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə olduğu kimi, universitet–şirkət əməkdaşlığı gücləndirilməli və gənc məzunların bacarıqlarına üstünlük verilməlidir:

“Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, inkişaf etmiş ölkələrdə universitet-sənaye əməkdaşlığı daha güclüdür. Məsələn, Almaniya kimi ölkələrdə dual təhsil modeli tətbiq olunur və tələbələr təhsil aldıqları müddətdə müəssisələrdə işləyərək həm əməkhaqqı qazanır, həm də təcrübə toplayırlar. Finlandiya, Niderland və digər Avropa ölkələrində də universitetlərin şirkətlərlə sıx əməkdaşlığı nəticəsində tələbələr məzun olmadan əvvəl əmək bazarına inteqrasiya olunurlar. Buna görə də yeni məzunlardan uzunmüddətli iş təcrübəsi tələb etmək əvəzinə, onlara mentorluq, staj və adaptasiya proqramları təqdim olunur.

Hesab edirəm ki, problemin həlli üçün universitetlər, dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, tələbələrin təhsil müddətində istehsalat və peşə təcrübələrinə daha geniş şəkildə cəlb olunması təmin edilməlidir. Eyni zamanda, pedaqoji sahədə tətbiq olunan MİQ modelinə bənzər şəkildə, digər peşələr üzrə də gənc məzunların bilik və bacarıqlarını qiymətləndirən, iş təcrübəsini deyil, peşə hazırlığını ön plana çıxaran mexanizmlərin yaradılması məqsədəuyğun olardı. Bu, həm gənclərin məşğulluğunu artırar, həm də ölkənin insan kapitalının daha səmərəli istifadəsinə imkan verər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər