Xəstə “Gelandewagen“ sürücüsü qəsdən başqasının avtomobilini vurdu - VİDEO
Patrul.az redaksiyasına daxil olan videogörüntüdə 07.06.2026-cı il tarixində, saat 18:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində sürücülər arasında baş vermiş insident əks olunub.
Rüfət Abdullayevin redaksiyamıza göndərdiyi videogörüntüdən açıq-aşkar görünür ki, 77-UE-011 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsinin sürücüsü svetoforun qırmızı işığında hərəkət edərək Rüfət Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxır.
Rüfət Abdullayev səs siqnalı ilə etirazını bildirdikdən sonra “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq ona hədə-qorxu gəlməyə başlayır, özünün dəli olduğunu bildirərək ünvanına təhqiredici ifadələr işlədir.
İddialara görə, bununla kifayətlənməyən “Mercedes” sürücüsü daha sonra idarə etdiyi nəqliyyat vasitəsini geriyə hərəkət etdirərək qəsdən Rüfət Abdullayevin idarə etdiyi avtomobili vurur.
Patrul.az olaraq Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarından sözügedən sürücünün müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlərin görülməsini, həmçinin davranışları nəzərə alınaraq onun psixoloji durumunun yoxlanılmasını xahiş edirik.






