media-inshot_20260505_171626300

Dünən Azərbaycan Respublikasına səfərə gələn İtaliya Respublikasının Baş naziri Corcia Meloninin Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü olub.

Onlar görüş çərçivəsində mətbuata bəyanatlarla çıxış ediblər.

İki ölkə arasında əlaqələrin inkişafı barədə politoloq Aytən Qurbanova Patrul.az-a fikirlərini bölüşüb.

O düşünür ki, C.Meloninin Azərbaycana səfəri kifayət qədər əlamətdar hadisədir:

“Nəzərə alsaq ki, İtaliyanın Baş nazirinin Ermənistana səfərindən sonrakı gün ölkəmizə rəsmi səfərinin baş tutması İtaliyanın həm regionda baş verən proseslərə və sülh gündəliyinə verdiyi dəstəyin aydın ifadəsi, eyni zamanda Azərbaycanla münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin təzahürüdür. Prezident İlham Əliyev ilə Corcia Meloninin mətbuata verdiyi birgə bəyanatlardan da aydın şəkildə görünür ki, iki dövlət xarici siyasət prioritetlərində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində İtaliya üçün önəmli bir partnyordur. Eyni zamanda, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qiymətləndirilir. Bu əlaqələrin inkişaf perspektivləri yüksəkdir”.

media-img-20260505-wa0046

Həmsöhbətimiz hesab edir ki, bu səfər çərçivəsində aparllan müzakirələr və əldə olunmuş razılıqlar ikitərəfli münasibətlərin yeni yol xəritəsinin müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm nəticələri özündə ehtiva edir:

“Xüsusilə, qlobal sistemin kifayət qədər təlatümlü bir mərhələdən keçdiyi dövrdə Azərbaycanla Avropa dövlətləri, o cümlədən, İtaliya arasında münasibətlərin inkişaf etdirilməsi həm ikitərəfli, həm də çoxtərəfli əsasda regional və qlobal sülh gündəliyinə verilən dəstəyin göstəricisidir. C.Meloninin mətbuata verdiyi bəyənatda da ifadə etdiyi kimi, regionda baş verən proseslərlə bağlı cənab Prezident İlham Əliyevin mövqeyinin ifadə olunduğu müzakirələrin aparılması qlobal sistemin kifayət qədər önəmli güc mərkəzləri üçün mühüm xarakterə sahibdir. Bu, dövlət başçımıza olan yüksək etimadın və qarşılıqlı münasibətlərdə yaradılmış möhkəm siyasi əlaqələrin bariz nümunəsi olaraq dəyərləndirilə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər