Hər kəs oruc tutmalıdırmı? - İlahiyyatçılardan CAVAB
Artıq Ramazan ayı daxil olur. Bilirik ki, bu ayın ən əsas ibadətlərindən biri də oruc tutmaqdır. Amma hər kəs buna nail ola bilmir. Kimisi səhhətinə görə, kimisi isə başqa səbəblərdən…
Bəs kimlərə oruc tutmaq olmaz?
Patrul.az mövzu ilə bağlı ilahiyyatçıların fikirlərini öyrənib.
İlahiyyatçı Tural İrfan bildirib ki, Ramazan ayında oruc tutmaq vacibdir:

“Həddi buluğa çatan, sağlam və səfərdə olmayan hər müsəlman oruc tutmalıdır. Amma hamilə qadınlara, yaşlı insanlara, xəstə və uşaqlara güzəşt var. Uşaq böyüyəndə uşağın vaxtilə tutmadığı orucun qəzasını tutması vacib deyil. Amma xəstə sağalsa, müsafir səfərdən dönsə gərək orucların qəzasını tutsun”.
O vurğulayıb ki, ibadətlər insana əziyyət vermək üçün yox, rahatlıq gətirmək üçündür:
“Məsələn, uşaqları oruc tutmağa məcbur etmək doğru deyil. İbadətlər könüllü icra edilir. Zorla edilən ibadət məcbur edənin qorxusu ilədir, Allah rızası üçün deyil”.
İlahiyyatçı Elşad Miri də mövzu ilə bağlı fikirlərini bildirib:

“Quranda qeyd olunur ki, xəstələr və səfərdə olan adamlar oruc tutmaya bilər”.
Müsahibimiz arıqlamaq məqsədilə oruc tutanlara da münasibətini ifadə edib:
“Bu məqsədlə oruc tutanların ibadəti Allah yanında yox, dietoloqların yanında məqbul sayılır”.
Ləman Sərraf






