media-inshot_20260508_103253071

Son 30 ildə Azərbaycanda doğum səviyyəsinin azalması, ailələrin iqtisadi yükünün artması və gənc ailələrin sosial təminatla bağlı narahatlıqları uşaqpulunun yenidən gündəmə gəlməsinə səbəb olub. Bir çox ekspert hesab edir ki, uşağa görə aylıq müavinətin tətbiqi həm demoqrafik artıma stimul verə, həm də ailələrin maddi rifahına müəyyən dəstək ola bilər. Lakin əsas müzakirə mövzusu bu yardımın bütün ailələrə verilməsi, yoxsa sosial meyarlar əsasında tətbiq olunmasının daha effektiv olub-olmamasıdır.

Bəs sizcə, Azərbaycanda uşaqpulunun bərpası doğum səviyyəsinin artmasına və ailələrin sosial rifahına real təsir göstərə bilərmi? Müavinət universal şəkildə verilməlidir, yoxsa aztəminatlı ailələr üçün nəzərdə tutulmalıdır və aylıq məbləğ minimum hansı həddə olsa daha effektiv nəticə verər?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, doğum səviyyəsinin aşağı düşməsinə çoxsaylı amillər təsir göstərir və bu prosesi yalnız əhalinin rifah səviyyəsi ilə əlaqələndirmək düzgün yanaşma deyil:

“İnkişaf etmiş ölkələrin əksəriyyətində yüksək rifah səviyyəsinə baxmayaraq doğum göstəriciləri aşağıdır. Əksinə, aşağı gəlirli bəzi ölkələrdə doğum səviyyəsi yüksək olaraq qalır. Bu isə göstərir ki, demoqrafik proseslərə iqtisadi amillərlə yanaşı sosial, mədəni və psixoloji faktorlar da ciddi təsir edir. Doğum səviyyəsinə ailə modeli, milli ənənələr, dini dəyərlər və cəmiyyətin uşağa münasibəti də təsir göstərən əsas amillərdəndir. Bəzi cəmiyyətlərdə çoxuşaqlı ailə modeli sosial norma hesab olunduğu halda, digərlərində kiçik ailə modeli üstünlük təşkil edir”.

R.Abdullayevanın fikrincə, əvvəllər azərbaycanlı ailələri üçün çoxuşaqlı ailə modeli daha xarakterik olsa da, son 30 ildə bu tendensiya əhəmiyyətli dərəcədə dəyişib:

“Hazırda gənc ailələr daha çox 1-2, bəzi hallarda isə 3 uşaqla kifayətlənməyə üstünlük verirlər. Bu dəyişiklik əsasən ailələrin gəlir səviyyəsi ilə bağlı olsa da, urbanizasiya prosesinin sürətlənməsi, qadınların təhsil və karyera imkanlarının genişlənməsi, yaşayış xərclərinin artması, mənzil problemi, həmçinin gələcəyə inamsızlıq kimi amillərlə də əlaqələndirilir.Uşaqlara görə sosial müavinətlərin, o cümlədən uşaqpulunun tətbiqi doğum səviyyəsinin müəyyən qədər yüksəlməsinə və ailələrin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, France və digər bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, ailələrə yönəlmiş sosial dəstək mexanizmləri demoqrafik azalmanın sürətini müəyyən qədər zəiflədə bilir”.

media-inshot_20260508_103156677

Professor hesab edir ki, Azərbaycanda da uşaqlara görə müavinətlərin verilməsi zəruridir. Lakin bu yardım mexanizmi sosial ədalət prinsipi və dövlət resurslarının səmərəli istifadəsi nəzərə alınmaqla həyata keçirilməlidir:

“Uşaqpulunun bütün ailələrə eyni qaydada verilməsi əvəzinə, müəyyən sosial meyarların tətbiqi daha məqsədəuyğun ola bilər. Bu meyarlara ailənin gəlir səviyyəsi, çoxuşaqlılıq, sosial həssaslıq və digər amillər daxil edilə bilər. Müavinətlərin məbləği müəyyən edilərkən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yaşayış minimumu göstəricisi əsas götürülməlidir. Çünki yaşayış minimumu insanın ən zəruri ehtiyaclarını minimum səviyyədə ödəyə bilməsi üçün tələb olunan aylıq vəsaiti ifadə edir. Bu baxımdan, uşaqpulunun məbləği uşağın minimum istehlak xərclərinin müəyyən hissəsini kompensasiya edə biləcək səviyyədə müəyyənləşdirilməlidir”.

Ekspert əlavə edib ki, uşaqpulu təkbaşına doğum səviyyəsini kəskin şəkildə artıracaq universal vasitə hesab edilə bilməz:

“Bununla belə, effektiv sosial-iqtisadi siyasət, məşğulluğun artırılması, gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi və ailə institutunun dəstəklənməsi demoqrafik proseslərin daha səmərəli tənzimlənməsinə mühüm töhfə verə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər