"Hərbi əməliyyatlar bütün məqsədlərə çatdıqdan sonra bitəcək" - Putin
Rusiya Prezidenti Vladimir Putin Hindistana rəsmi səfəri öncəsi Rusiya–Ukrayna müharibəsinin gedişi ilə bağlı mühüm açıqlamalar verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Putin çıxışında dekabrın 2-də Moskvada ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerlə keçirdiyi görüşü “çox faydalı” adlandırıb. O bildirib ki, hərbi əməliyyatlar müharibə öncəsi müəyyən edilən bütün məqsədlərə çatdıqdan sonra bitəcək:
“Görüş faydalı oldu. Bu görüş lazım idi”.
Putin müsahibəsində qeyd edib ki, Rusiya ABŞ-nin Ukrayna ilə bağlı sülh planının bəzi bəndlərini qəbul etməsə də, danışıqlar prosesi mürəkkəbdir. Onun sözlərinə görə, planın bütün məqamlarının Vitkoff və Kuşnerlə müzakirə olunması vacib idi:
“Biz sülh təkliflərinin hər bir bəndini nəzərdən keçirdik. Buna görə də görüş bu qədər uzandı. Bəzi hallarda dedik ki, bəli, bunu müzakirə edə bilərik, lakin başqa hallarda razılaşa bilmədik”.
Rusiya lideri əlavə edib ki, Moskva iddia etdiyi Ukrayna ərazilərini ya hərbi yolla, ya da başqa vasitələrlə əldə edəcək:
“Biz özümüz üçün xüsusi bir şey tələb etmirik. Biz ümumi prinsipə güvənirik ki, bir dövlətin təhlükəsizliyi digər dövlətin təhlükəsizliyi hesabına təmin edilə bilməz”, – deyə o söyləyib.
Gülbəniz Səfərova






