Heyvansevərlər sahibsiz itləri geri gətirdi, uşaq hücuma məruz qaldı
8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 71-ci bina, bağça ətrafı, 135 nömrəli məktəb ərazisində sahibsiz itlərlə bağlı daha əvvəl də şikayətlər olmuşdu. Həmin zaman aidiyyəti qurumlarla əlaqə saxlanılmış və itlər yığılaraq ərazidən götürülmüşdü. Lakin hazırda itlərin yenidən qulaqlarında birka ilə həmin əraziyə buraxıldığı görünür.
Patrul.az redaksiyasına daxil olan məlumata görə, dünən bu ərazidə bir uşaq it tərəfindən hücuma məruz qalıb.
Maraqlıdır ki, tədbirlər niyə görülmür və itlər yenidən həmin əraziyə nə üçün buraxılıb?
Mənzil İstismar İdarəsi Patrul.az-a açıqlamasında bildirib ki, sahibsiz itləri “Toplan” İctimai Birliyi götürür və qulaqlarına birka taxıb peyvənd etdikdən sonra yenidən buraxır, amma itlər hələ də həmin ərazidə problem yaradır.
Həmçinin “Toplan” İB işçisi açıqlamasında bildirib ki, itləri heyvansevərlər ora gətirib buraxır, əməkdaşlar isə onları götürməyə imkan tapa bilmir. Bələdiyyə ilə danışmaqla ərazidə itlərin buraxılmasının qarşısı alınması mümkündür:
“Biz o itləri ordan götürdük. O itləri heyvansevərlər ora gətirib buraxıblar. Heyvansevərlərlə bələdiyyə danışmalıdır ki, itləri ordan uzaqlaşdırsınlar. Biz iki dəfə gəlib onları aparmışıq, amma yenə heyvansevərlər gətirib buraxıblar. Əməkdaşlarımız gəldikdə isə itləri götürməyə imkan vermirlər. Qulağında birka var, amma yenə də bələdiyyə ilə danışıb onların ora buraxılmamasını təmin etmək olar.”






