İctimai əxlaq normalarına zidd görüntülər narahatlıq doğurur - VİDEO
Paytaxtda yerləşən AF Mall ticarət mərkəzində fəaliyyət göstərən, qadın alt paltarlarının satışı ilə məşğul olan mağazanın sosial şəbəkədə yaydığı görüntülər ictimai narazılığa səbəb olub. “kokolingeriebaku” adlı səhifədə paylaşılmış videolarda açıq-saçıq və erotik xarakterli kadrların yer aldığı, həmin materialların açıq profil üzərindən geniş auditoriyaya təqdim olunduğu bildirilir.
Məsələ mağazada hansı məhsulların satılması ilə bağlı deyil. Söhbət sosial platformada ictimai əxlaq normalarına zidd hesab olunan məzmunun açıq şəkildə yayılmasından gedir. Sosial şəbəkələrdə yaş məhdudiyyətinə nəzarətin faktiki olaraq zəif olduğu şəraitdə bu cür görüntülərin paylaşılması xüsusilə məsuliyyətsiz yanaşma kimi qiymətləndirilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ictimai əxlaqa zidd materialların yayılması məsuliyyət yaradan hallardan sayılır. Rəqəmsal mühitdə yayılan məzmunlara nəzarətin sərtləşdirildiyi bir dövrdə bu cür paylaşımlar cəmiyyət tərəfindən qınaqla qarşılanır.
Kommersiya fəaliyyəti heç bir halda ictimai dəyərlərin və qanun tələblərinin fövqündə dayana bilməz.
Günay Salayeva






