media-img_7863

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sədərək Ticarət Mərkəzinin mühafizəçiləri ilə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları arasında insident baş verdib. İddialara görə hadisə zamanı tərəflər arasında mübahisə düşüb, daha sonra isə əlbəyaxa dava qeydə alınıb. İddialara əsasən, ADRA əməkdaşları xidməti vəzifələrini yerinə yetirmək üçün ticarət mərkəzinin ərazisinə daxil olmağa cəhd ediblər. Lakin Sədərək Ticarət Mərkəzinin mühafizəçiləri onların girişinə mane olublar və bu, gərginliyin yaranmasına səbəb olub. Məlumata görə, mühafizəçilər dövlət qurumunun əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlədib, bu isə qarşıdurmanı daha da dərinləşdirib.

Qeyd olunur ki, Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin rəhbərlik etdiyi şirkətin mühafizəçiləri əvvəllər də sərt davranışları və qanunlara zidd hərəkətləri ilə gündəmə gəlib. Hadisə bir daha göstərir ki, bəzi özəl ticarət obyektlərində mühafizə strukturları hələ də özlərini qanundan üstün görməyə meyillidirlər. Halbuki, Azərbaycan Dövlət Reklam Agentliyi rəsmi dövlət qurumudur və onun əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaq hüquqi baxımdan ciddi pozuntu sayılır.

Son zamanlar Qədimbəylilər ailəsinin adı müxtəlif qalmaqallı hadisələrdə hallanır. Bir müddət əvvəl Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin oğlu İlham Qədimbəylinin adı sosial şəbəkələrdə “Fidan 009” adı ilə tanınan blogerin zorakılığa məruz qalması ilə bağlı iddialarda qeyd edilmişdi. Həmin məlumatlara görə, İlham Qədimbəyli və bir neçə şəxsin blogeri döyərək, onun başına silah dirədikləri və məcburi şəkildə video çəkiliş etdikləri irəli sürülmüşdü.

Bundan əlavə, son aylarda Elnur Əhmədov adlı vətəndaşın müraciəti əsasında Ənvər Qədimbəylinin oğlanları İlham və İlkin Qədimbəylilər, onların cangüdəni Rövşən Hüseynov və şərikləri Xamis Qubadovun 134 min ABŞ dollarını ələ keçirdikləri və müxtəlif təzyiq formalarına əl atdıqları iddia olunub. Hazırda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığı bildirilir.

Bu kimi hadisələr göstərir ki, bəzi şəxslər ticarət və biznes sahəsindəki imkanlarından sui-istifadə edərək, dövlət orqanlarının nümayəndələrinə qarşı belə aqressiv davranış sərgiləməkdən çəkinmirlər. Dövlət qurumunun əməkdaşlarına qarşı edilən bu cür hörmətsizlik və zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalı, məsul şəxslər qanun qarşısında cavab verməlidirlər. Bu gün bir dövlət qurumunun əməkdaşlarına bunu edənlər görün, gələcəkdə nələr etmə həvəsinə düşə bilərlər.


Bənzər xəbərlər